XƏBƏRLƏR
MƏLUMAT
İstedadlı bəstəkar İlahə Qismətin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
11/09/2020 01:19

İlahə Qismət qızı İsrafilova 1993-cü il 11 sentyabrda Bakı şəhərində musiqiçi ailəsində anadan olub. Anası Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü, Müdafiə Nazirliyinin Hərbi nəfəsli Alətlər Orkestrinin solisti, dosent Zümrüd Məmmədova, atası Qismət İsrafilovdur.

İlahə Qismət 1999-cu ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olub. Təhsil müddətində “Fortepiano”, “Muğam ifaçılığı” və “Bəstəkarlıq” ixtisasları üzrə oxuyub. Bəstəkar kimi ilk əsərini - “Müqəddəs Vətən” hərbi marşını 5-ci sinifdə bəstələyib. Hazırda həmin əsər Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi Hərbi Nəfəsli Alətlər Orkestrinin repertuarına daxildir.

2010-cu ildə məktəbi bitirərək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin “Bəstəkarlıq” sinifinə daxil olub. Bu müddətdə dahi bəstəkar, Xalq artisti Arif Məlikovun bəstəkarlıq sinfində oxuyub, ikinci ixtisas olaraq Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyevdən simfonik orkestr dirijorluğunun sirrlərinə yiyələnib.

Təhsil müddəti boyu əla qiymətlərlə fərqləndiyinə görə “Qara Qarayev” adına fərdi təqaüdə layiq görülüb. Bu müddətində bəstələdiyi “Hisslər” vokal-instrumental romanslar silsiləsi, tar və fortepiano üçün “Çahargah Skertso”su, həmçinin müəllifin ifasında “Rəngarəng” adlı musiqi albomu “Qızıl Fond”a daxil olub.

2014-cü ildə Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakultəsinin bəstəkarlıq ixtisası üzrə magistratura pilləsinə qəbul olub. Oxuduğu müddətdə yazdığı müxtəlif elmi məqalələri, o cümlədən Xalq artisti Arif Məlikov haqqında, Əməkdar incəsənət xadimi Aydın Əzimov haqqında yazıları dərc edilib.

Həmçinin tələbəlik illərində BMA TGT-nin də sədr müvini kimi fəaliyyəti göstərib.

2014-cü ildə bəstəkarın sözləri və musiqisi özünə aid olan “Sənsizəm” adlı mahnısına klip çəkilib. Həmin ildə İlahə İsrafilovanın “Muğamatım bir dəryadır” adlı layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsində qalib olub, layihə Bakı Musiqi Akademiyasının təşkilatı dəstəyi ilə keçirilib və uğurla nəticələnib. Həmçinin Dövlət Neft Şirkəti, Mədəniyyət və Turizm Nazirliyinin və İctimai Televiziyanın birgə layihəsi olan “Əsrin müqaviləsi”nin 20 illik yubileyinə həsr olunmuş “20 şanlı il” mövzusunda keçirilən ən yaxşı vokal əsər müsabiqəsində I yerə layiq görülüb.

2014-cü ildən etibarən gənc bəstəkar Bakı Musiqi Akdemiyasının əməkdaşıdır.

2016-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsində “Mən Vətən torpağı, Vətən daşıyam” adlı layihə ilə qalib olub.

2016-ci ildə İsrail təfərindən hazırlanmış layihədə “İsrail Azərbaycan” dostluq himnini yazıb və əsərə klip çəkilib. Burada müəllif əsərini İsrailli müğənni ilə birgə ifa edib.

2016-cı ilin may ayında ikinci bir layihə Türkiyə ilə Azərbaycan dostluğuna həsr olunub. “Dalğalansın bayraq” adlı əsər Türkiyənin İstanbul, Kayseri, Kahramanmaraş və s. şəhərlərində konsertlərdə Xalq artisti Zümrüd Məmmədova tərəfindən ifa olunub.

Elmi tədqiqatlar aparan İlahə Qismətin “Gülnaz Abdullazadənin bəstəkarlıq fəaliyyətinin əsas xüsusiyyətləri” adlı magistr dissertasiyası əsasında kitabı işıq üzü görüb. BMA-nın prorektoru G.Abdullazadənin rəhbərliyi altında regionlarda elmi ekspedisiyalarda olub. Bir sıra elmi məqalələri dərc olunub.

Elmi fəaliyyətinin davamı olaraq 2016-cı ildə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Doktorantura pilləsinə daxil olub. Vaxtaşırı beynəlxalq konfranslarda - “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi” beynəlxalq elmi-praktiki konfransı (Bakı), “ECSAC-2018”(Kipr) və “IV Uluslararası Müzik ve Dans Kongresi”(Bodrum) və s. məruzələrlə çıxış edib.

Hazırda Bakı Musiqi Akademiyasının Elmi Araşdırmalar Mərkəzində kiçik elmi işçi vəzifəsində çalışır.

İlahə Qismət çoxsaylı musiqi tədbirlərinin təşkilatçılığını da öz üzərinə götürüb, adını ictimai sektorda da təsdiqləyə bilib. Bir çox layihələrə rəhbərlik etməklə konsertlər təşkil edib: “Bəxtiyar Vahabzadə-90” (2015) , “İstedadlısansa qüsursuzsan” (3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə məşhurlar və əlil gənclərin duet konserti 2017), “Dünya Azərbaycanlıları Əl-ələ” bayram konserti (2017). “Yeddi səsdən doğan sərvət- Elm və musiqi” (2018) “Şanlı Tarix” Dövlət Filarmoniyası ilə birgə layihə (2018) və s.)

22.02.2017-ci il tarixindən İlahə Qismət Xalq artisti, Prezident təqaüdçüsü Zümrüd Məmmədova ilə birgə "Beynəlxalq Mədəni Əlaqələr və İncəsənətin İnkişafına Yardım" İctimai Birliyini təsis edib və təşkilata sədr seçilib.

Bəstəkarın “Rəngli lövhələr”- uşaq albomu (pyeslər – 2005-2008-ci illərdə yazılmış əsərlər daxildir), “Qalaktika”- programlı prelüdlər məcmuəsi (2009-2011-ci illər), “Müqəddəs Vətən” -Hərbi orkestr üçün Marş (2005-ci il), “Sənsizəm” adlı mahnısı (2006-cı il), “Anxiety”- (Əndişə) fortepiano üçünSonatinası (2011-ciil), Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış “Hisslər” adlı silsilə romansları (2011-2012-ci illər), “Arzulara gedən yolda” qısametrajlı filminə musiqiləri (2012-ci il), “Yadıma sən düşəndə” xalq mahnısının simli kvartet və balaban üçün işlənməsi (2011-ci il), BelaBartokahəsrolunmuş “Reasons” StringQuartetN-1 ( 2013–ciil),“Qələbə” simfonik poeması (2014-cü il), “Əsrin müqaviləsi” adlı himn (2014-cü il), “Paysage” adlı 4 hissəli süita (2015-ci il), “Bakı Musiqi Akademiyası” kompozisiyası (2016-cı il), “İsraililə Azərbaycan” Dostluqhimnimahnısı(2016-ci il), “Dalğalansın bayraq” mahnısı (2016-ci il) və s. bir sıra fərqli janrlarda əsərləri, “Cəsus”(2016-cı il), “Odlar Yurdumuz” böyük simfonik orkestr, qarışıq xor və solist üçün kompozisiyası (2017-ci il), “2Spy” kompozisiyası (2018-ci il), “Qaytar o günləri”mahnısı (2018), “Dədə Qorqud” baleti (2014- 2018) əsərləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Baxış sayı: 581