XƏBƏRLƏR
MƏLUMAT
I İslam Dünyası Mədəniyyət Forumunda mədəni irsin qorunmasında innovasiya və rəqəmsallaşma məsələləri müzakirə olunub
ÜMÜMİ XƏBƏRLƏR
17/04/2025 14:37

Aprelin 17-də Şuşa şəhərində keçirilən “Münaqişədən sonrakı dövrdə mədəni irsin qorunması və canlandırılması” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumu növbəti panel sessiya ilə işini davam etdirib.

Mədəniyyət Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayevin moderatorluğu ilə keçirilən panel "Mədəni irsin dirçəldilməsi: mədəni irsin qorunmasında texnoloji innovasiyalar və rəqəmsallaşma" mövzusuna həsr olunub.

ICESCO-nun İslam Dünyası İrsi Mərkəzinin eksperti Məhəmməd əl-Absi mərkəz tərəfindən abidələrin tədqiqi, qorunması və bərpası istiqamətində görülən işlər barədə məlumat verib. Deyib ki, abidələrin bərpa və konservasiyasında texnoloji yeniliklərin tətbiqi bu sahədə fəaliyyətin effektivliyini daha da artırır, mütəxəssislərin işinə kömək edir.

Texnoloji innovasiyalar üzrə mütəxəssis Tal Katran ICESCO üzv ölkələrini birgə əməkdaşlığa, müvafiq sahə üzrə təcrübə mübadiləsinə, səyləri birləşdirməyə dəvət edib: "Hələlik vahid bilik platformasına sahib deyilik, lakin bu çox da maddi vəsait tələb etmir. Bu, istək və böyük iradə tələb edir”. T.Katran çıxışının sonunda qonaqları Bakı şəhərində yerləşən, Mədəniyyət Nazirliyinin təsis etdiyi Yaradıcı Mərkəzin fəaliyyəti ilə tanış olmağa dəvət edib.

Sonra panel mütəxəssislərin fikir mübadiləsi ilə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda xatirə şəkilləri çəkdirilib.

 

Baxış sayı: 77