XƏBƏRLƏR
MƏLUMAT
Gənclər və idman naziri, dəyərli insan Azad Rəhimov vəfat edib
ÜMÜMİ XƏBƏRLƏR
01/05/2021 01:57

Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Arif oğlu Rəhimov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. 1971-ci ildə Bakı şəhəri 134 saylı məktəbin birinci sinifinə daxil olub, 1981-ci ildə həmin məktəbdə orta təhsilini bitirib. 1981-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub. 1987-1989-cu illərdə Azərbaycan LKGİ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 07 fevral 2006-cı il tarixinədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 7 fevral tarixli 175 nömrəli Sərəncamı ilə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilib.

Ailəlidir, bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Şöhrət” ordeni, 24 iyul 2019-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Fövqaladə Hallar Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizlik Xidmətinin medalları ilə təltif edilib.

Sadə və təvazökar insan, yüksək intellekt sahibi, gənclərin ən yaxın dostu, idmançılarımızın dəstəkçisi Azad Rəhimovun əziz xatirəsi daim qəlbimizdə yaşacaq.

Allah rəhmət eləsin.

Baxış sayı: 188