XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Zülfüqar Baratzadənin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
08/07/2022 00:47

Zülfüqar Yaqub oğlu Baratzadə 8 iyul 1931-ci ildə Gəncə şəhərində anadan olub.

Əvvəllər Gəncə Dövlət Filarmoniyasında rəqqas işləyib. 1949-cu ildə Gəncə Dövlət Dram Teatrının truppasına daxil olub. Xarakterik obrazlar ifaçısı kimi tanınıb və təbii, xalq oyun estetikasına əsaslanan yumoru ilə özünə geniş tamaşaçı rəğbəti qazanıb.

Aktyorun teatrda əsas rolları: Mindilli, Bərbərzadə ("Nişanlı qız" və "Xoşbəxtlər", Sabit Rəhman), Göyüş, Dəli Domrul, Dinar, Aşıq, Şişman ("Kişilər", "Dəli Domrul" və "Yadındamı?", Altay Məmmədov), Sərsəri ("Kəllə", Nazim Hikmət"), Çoban ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Balıqçı ("Günəş", Lütfəli Həsənov), Atobba ("Vicdan", Bəxtiyar Vahabzadə), Kamran ("Məhəbbət nişanəsi", Səttar Axundov), Ernardo ("Kələkbaz sevgili", Lope de Veqa), Müşavir ("Səyavuş", Hüseyn Cavid), Əmirqulu, Salman, Camal ("Yaşar", "Nəsrəddin şah" və "Almaz", Cəfər Cabbarlı), Mustafa ("Şərqin səhəri", Ənvər Məmmədxanlı), Möhnət ("Məhsəti Gəncəvi", Kəmalə Ağayeva), Həbəş ("Tülkü və üzüm", Gilerma Fiqeyredu), Ağa Bəşir ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Nəroğlan ("Qız atası", Əfqan Əsgərov), Vəzir ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Nəsrəddin ("Nəsrəddin", Yusif Əzimzadə), Çınqıl ("Adı sənin, dadı mənim", Seyfəddin Dağlı), Effer ("Bura gəlin", Əziz Nesin), Haqverdi ("Qatır Məmməd", Zeynal Xəlil), küçə xanəndəsi ("Üç qəpiklik opera", Bertolt Brext), İppolit ("Həmişə təmizlikdə", Edvard Radzinski və Eldar Ryazanov), Baş senator, Riçard ("Otello" və "111 Riçard", Vilyam Şekspir), kişi ("Qatarlar səhər gedir", Raymond kauqver), İvan Petroviç ("Quduz pullar", Aleksandr Ostrovski), Knyaz ("İki qardaş", Mixail Lermontov), Qurd Kərim ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Mahmud ("Boş barılar", Əhməd İsayev), Eyvaz ("Üçatılan", İlyas Əfəndiyev), Məmmədşəfi ("İtkin gəlin", Əlibala Hacızadə), Kristinoyu ("İctimai rəy", Aurel Baranqa), Prorab ("Yeddi oğlan və bir qız", Rövşən Ağayev), Qacar ("Vaqif", Səməd Vurğun), Frantişek Abel ("Zəngli saat", Osvald Zaqradnik) olub.

Aktyor 27 dekabr 1971-ci ildə “Azərbaycan SSR Əməkdar artisti”, 24 dekabr 1981-ci ildə isə  “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına layiq görülüb.

Xalq artisti Zülfüqar Baratzadə həmçinin “Yenilməz batalyon” (1965-ci il), “Yeni evlənənlər” (1983-cü il), “Bəyin oğurlanması” (1985-ci il), “Ölsəm... bağışla” (1989-cu il), “Qətl günü” (1990-cı il) filmlərində müxtəlif səpkili rollar ifa edib.

Zülfüqar Baratzadə 11 fevral 1991-ci ildə 60 yaşında vəfat edib.

Baxış sayı: 161