XƏBƏRLƏR
MƏLUMAT
Bu gün tanınmış xanəndə Eynulla Cəbrayılovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
08/04/2022 00:31

Eynulla Cəbrayılov 8 aprel 1935-ci ildə Kürdəmir rayonunda anadan olub. O, 1952-ci ildən ömrünün sonuna kimi Kürdəmir rayonu Mədəniyyət İdarəsində çalışıb, eyni zamanda Respublikanın musiqi həyatında yaxından iştirak edib. 1956 və 1957-ci illərdə Azərbaycan gənclərinin birinci və ikinci festivallarının laureatı olub.

Şirvan musiqi mühitində yetişən Eynulla Cəbrayılov bu bölgənin ustad sənətkarlarının ənənələrindən bəhrələnib, muğam və aşıq sənətinin sirlərinə yiyələnib. O, ifaçılığında bu iki sənətin xüsusiyyətlərini qovuşdurmağa nail olub.

Gənc yaşlarından peşəkar xanəndə kimi Respublikada tanınan Eynulla Cəbrayılovun Aşıq Şakir və nəfəs alətləri ifaçısı Həsrət Hüseynovla birgə çıxışları xüsusilə əlamətdar olub. Eynulla Cəbrayılov aşıq havalarını ("Nazlana-nazlana”, "Bala nərgiz”, "Kimə yalvarım” və s.) böyük şövqlə oxuyan xanəndə kimi məşhurlaşıb.

Eynulla Cəbrayılov geniş diapazonlu, rəngarəng tembrli güclü səsə malik xanəndə olub. Onun ifasında "Rast”, "Segah-Zabul”, "Mirzə Hüseyn Segahı”, "Çahargah” və başqa muğamlar fondda saxlanılır.

Şirvan musiqi mühitində yetişən Eynulla Cəbrayılov 1992-ci ildə 57 yaşında vəfat edib.

Baxış sayı: 684