XƏBƏRLƏR
MƏLUMAT
Bu gün görkəmli jurnalist Azad Şərifovun anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
24/12/2019 01:08

Azərbaycan kino xadimi, publilist, jurnalist Azad Ağakərim oğlu Şərifov 7 aprel 1930-cu ildə Bakıda anadan olub. Atası Ağakərim Şərifov Şərqdə ilk Teatr Muzeyinin - Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradıcısı idi. A.Şərif iki ali təhsil alıb: Azərbaycan Dövlət Konservatoriyasını və Bakı Dövlət Universitetinin bitirib.

Azad müəllim mətbuata 19 yaşında – “Molodyoj Azerbaydjana” qəzetində çıxan, alpinistliyə həsr olunmuş oçerkləri ilə gəlib. “Fizkulturnik Azerbaydjana” qəzetinin demək olar, hər sayında onun yazılarına yer verilir və həmin nəşrdə işə dəvət olunub. Bir müddət sonra «Pionerskaya pavda»nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilib. 1956-cı ildə “Molodyoj Azerbaydjana” qəzetində şöbə müdiri, redaktor müavini kimi fəaliyyət göstərib. 1959-cu ildə qəzetin ilk azərbaycanlı redaktoru kimi tarixə düşüb.

Peşəkarlığı və kollektivdəki yüksək idarəçilik xüsusiyyəti ilə seçilən A.Şərifov bir il sonra Moskvaya Ümumittifaq Lenin Komsomolu Gənclər İttifaqına nəşriyyat bölməsinə dəvət olunub. Tezliklə məşhur “Vokruq sveta” jurnalında baş redaktorun müavini vəzifəsini tutub. A.Şərifovun bu jurnalda dərc olunan Türkiyəyə aid oçerkləri müasir jurnalistikamız üçün əsl örnəkdir. Məhz bu materiallar “İzvestiya” qəzetinin diqqətini cəlb edib. Qəzetin rəhbərliyi onu Türkiyə, İran və Əfqanıstan üzrə xüsusi müxbir vəzifəsinə dəvət edib.

1969-cu ildən Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsinin müdiri kimi fəaliyyətə başlayan A.Şərif 1979-cu ildən Dövlət Kinematoqrafiya Komitəsində sədr vəzifəsində çalışıb.

Azad Şərifov 1988-ci ildən Azərbaycan Dövlət Teleqraf Agentliyi – “AZƏRTAC”a (o vaxtkı “Azərinform”) rəhbərlik etməyə başlayır. Həmin dövrdə köhnə sistem dağılır, Qarabağ münaqişəsi kəskinləşir, respublikada faciəli hadisələr, o cümlədən 1990-cı ilin qara yanvar günləri bir-birini əvəz edirdi. Bu, Azərinform üçün də bir növ “həqiqət anı” idi: agentliyin yeni tarixi şəraitdə yaradıcı siması və mövqeyi formalaşırdı. Burada Azad Şərifovun təşkilatçılıq istedadı tam üzə çıxdı. O, ölkəmiz haqqında həqiqəti dünyaya çatdırmaq işinə şəxsən özü qoşularaq, Azərbaycanın ətrafında yaradılmış informasiya blokadasını qırmaq üçün kollektivi səfərbər etməyi bacardı. Həmin dövrdə demək olar ki, hər gün kütləvi informasiya vasitələrində onun analitik materialları və şərhləri dərc edilirdi. Bu yazıların müəllifi Ermənistanın işğalçılıq siyasətinin iç üzünü açıb göstərir, düşmən erməni təbliğatının uydurma böhtanlarına əsaslandırılmış cavab verirdi. Həmin illərdə Azad Şərifovun hazırlayıb çap etdirdiyi kitabların adları çox şeydən xəbər verir: “Elan edilməmiş müharibə”, “İki il davam etmiş faciə”, “İnformasiya blokadasının yarılması”. Azad Şərifov Azərbaycanın o vaxtkı baş prokuroru İsmət Qayıbovla birlikdə “Erməni terrorizmi” adlı albom hazırlayıb çap etdirmiş, buna görə ASALA terror təşkilatı onun barəsində ölüm hökmü çıxarmışdır.

Azad Şərifov Azərinformun direktoru vəzifəsindən gedəndən sonra da, ömrünün sonuna qədər fəal jurnalist kimi qalmışdır. Onun “Misrasız bir günüm olmasın” – sözləri məhsuldar işləyən və yazıları tez-tez çap olunan jurnalistin həyat devizi idi. Onun tədqiqatları sayəsində oxucular XX əsr Azərbaycan yaradıcı sülalələri, Azərbaycan ziyalılarının ən yaxşı nümayəndələri, tanınmış mədəniyyət, elm və incəsənət xadimləri, millətimizin qaymağını təşkil edən sərkərdələr haqqında çox şey öyrəniblər. 2009-cu ildə çapdan çıxmış “İllər ötüb keçir – onları geri qaytarmaq mümkün deyil” adlı kitabı onun yaradıcılıq həyatının bir növ yekunu olub. Müəllif həmin kitabda öz ailəsi, jurnalist fəaliyyəti, görüşdüyü, tarix və müasirlik barədə fikirlərini bölüşdüyü insanlar haqqında söhbət açır.

O, həmişə gənclərlə ünsiyyətdə olmağa çalışır, onların arasında, özünün təbirincə desək, “Allah vergisi” olan həqiqi istedadlar axtarıb. Azad Şərifov uzun illər boyu müəllimlik fəaliyyəti ilə məşğul olub, çoxillik təcrübəsini, peşə biliklərini və ən başlıcası, jurnalistika sənətinə hədsiz sevgisini gənclərə aşılayıb.

Azad müəllim Xocalı faciəsi haqqında kitab yazmağa hazırlaşırdı. Bunu bir vətəndaş və vətənpərvər kimi özünə borc bilirdi. Xocalı haqqında kitab müəyyən mənada onun 80 illik yubileyinə yaradıcılıq hesabatı olmalı idi. Təəssüf ki, ömür vəfa etmədi və Azad Şərifov 2009-cu ildə Bakıda vəfat etdi.

 

Baxış sayı: 9901