XƏBƏRLƏR
MƏLUMAT
1 Oktyabr - Beynəlxalq Ahıllar Günüdür
ÜMÜMİ XƏBƏRLƏR
01/10/2021 02:43

BMT-nin İnkişaf Proqramında son illər ərzində ahıllar problemi geniş yer tutur. 2002-ci ilin aprel ayında İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin ahıllar üzrə II Ümumdünya məclisinin keçirilməsi də buna misaldır. Bu ümumdünya tədbirində belə bir fikir səslənib ki, yaşlılar da cəmiyyətin bərabərhüquqlu vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir.

Adı-sanı, nəcib əməlləri ilə tanınan, bəlkə də heç tanınmayan, lakin ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar, həqiqətən hörmətə layiqdirlər.

İnsanın qocalıq dövründə heç nəyə qadir olmadığını söyləmək səhv olardı. Lap qədim zamanlardan ağsaqqal, ahıl insanlar ən hörmətli, müdrik adamlar hesab olunublar. Onlara cavanlar da, böyüklər də hörmətlə yanaşıb, fikirləri ilə hesablaşıblar. Qocaların sərvəti onların həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür.

BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul edib. Həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilib, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar İli elan olunub.

Bu məsələyə respublikamızda da ciddi diqqət yetirilir.

Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir.

2001-ci il iyun ayının 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır.

Beynəlxalq Ahıllar Günü ərəfəsində bütün dünyada olduğu kimi, Respublikamızın şəhər və rayonlarında da İcra hakimiyyətləri, əmək kollektivləri, ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları rayon ərazisində yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edir, müxtəlif xeyriyyə, şəfqət və mədənikütləvi tədbirlər həyata keçirirlər. Həmin tədbirlərdə respublika üzrə 10 minlərlə ahıl və əlil vətəndaş bayram süfrələrinə dəvət olunur, onlara ərzaq paylanır, maddi yardım göstərilir.

Baxış sayı: 253