XƏBƏRLƏR
MƏLUMAT
Xalq rəssamı, pedaqoq Davud Kazımov
ÜMÜMİ XƏBƏRLƏR
14/02/2023 04:14

Davud Kazımov 1926-cı ildə Bakıda dünyaya gəlib. 1945-ci ildə Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitrib. 1947-ci ildən respublika və ümumittifaq sərgilərinin iştirakçısıdır. İlk əsərləri “Zuğulba”, “Dəniz sahili” kiçik həcmli mənzərələri, eləcə də mövzusu Sovet ordusunun həyatından olan tabloları lirizmi, səmimi, incə koloriti ilə seçilir.

Fırça ustasının yaradıcılığında əmək mövzusu əsas yer tutur. Sonrakı illərdə respublikamızın kənd və rayonlarına səfərləri zəhmət adamlarının qadir əlləri ilə yeni vüsət alan doğma diyarımızın gözəlliyini dərindən duymağa sövq edir. Xüsusilə Masallı, Lənkəran və Astara bölgələrində yaşayan insanların həyat tərzi, adət-ənənələri, etnoqrafik özəllikləri, rəngarəng milli geyimləri rəssamın əsl ilham mənbəyidir.

Səfərlərindən gətirdiyi bir sıra etüdləri əsasında işlədiyi əsərlər dəfələrlə respublika və ümumittifaq sərgilərində sənətsevərlərin böyük rəğbətini qazanıb. “Xəzərin təkində”, “Sağıcılar”, “Yollar” və başqa tablolar mövzunun lirik yozumu ilə obrazların xarakterinə uyğun gəlir. Doğma yurdumuzun əmək adamlarına həsr olunmuş əsərlərində rəssamın öz təbiətinə xas səmimiyyəti, insanlara məhəbbəti rənglərin dili ilə inandırıcı təsir bağışlayır.

Davud Kazımov Azərbaycan təsviri sənətində istedadlı qrafika ustası kimi də tanınıb. O, kitab illüstrasiyası sahəsində daha çox çalışıb. Onun illüstrasiyaları arasında Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının hekayələrinə, Mirzə Əli Möcüzün şeirlərinə  çəkilmiş rəsmləri ayrıca qeyd olunmalıdır. Cənubi Azərbaycanın satirik şairi Mirzə Əli Möcüzün şeirlərinə çəkilmiş rəsmlər kəskin publisistik təsvir dili, obrazların dinamikliyi, daxili gərginliyi və dramatizmi ilə seçilir.

Fidan balalarımız da yaddan çıxmayıb. Abdulla Şaiqin “Tülkü həccə gedir”, “Yaxşı arxa” kitablarına, Mikayıl Rzaquluzadənin “Ovçu Elişlə qoçaq Aytəkinin nağılı”na, Nəriman Nərimanovun “Pir” hekayəsinə, Xanımana Əlibəylinin “Sənubərin gözləri” adlı şeirlərinə pero və sulu boya ilə illüstrasiyalar çəkib.

Əfsanəvi “Neft daşları”nda xarüqələr yaradan Xəzər neftçilərinin romantik həyatı, fədakar əməyi rəssamın sevimli mövzularından biridir. O, dəfələrlə dəniz üzərində şəhərdə müşahidələrini rəsm albomuna köçürüb, etüdlər edib. Bütün bunlar sonralar süjetli tablolara, mənzərələrə, portretlərə çevrilib. Sərt boyalarla işlənmiş “Neftçilər” tablosunda surətlərin üzündən mərdlik, dönməzlik hissləri oxunsa da, bu nişanələrlə yanaşı, bir rahatlıq, lirik ovqat da duyulmaqdadır. Məşhur neftçi “Qurban Abbasovun portreti” tamaşaçılara bu duyğuları aşılayır.

1980-ci ilin sonunda Davud Kazımov İspaniyanın şəhərlərini, kəndlərini dolaşıb, qədim memarlıq abidələrini seyr edib, muzeyləri gəzib, sadə, qonaqpərvər ispanlarla görüşüb. Sonralar bu əyani material müxtəlif tabloların və mənzərələrin yaranması üçün zəngin mənbə olub. Elə həmin il “İspaniya silsiləsi” Davud Kazımovun yaradıcılıq səfərinin hesabatı kimi Bakıda sənətsevərlərin mühakiməsinə verilib və tamaşaçıların rəğbətini qazanıb.

1979-cu ildə Bolqarıstanda yaradıcılıq səfərində olub. Onun tablolarından və rəsmlərindən ibarət “Bolqarıstan silsiləsi” yaradıcılıq səfərinin hesabatı idi.

Səfərin sonunda Simolin şəhərində maraqlı sərgisi açılıb.

“Atasının Məcnunu Kəbəyə aparması” tablosunun mövzusu dahi Nizami Gəncəvinin “Leyli və Məcnun” mənzum romanından alınıb. Əsər hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ekspozisiyasında nümayiş etdirilir.

Dünya ədəbiyyatı xəzinəsinin, eləcə də Şərq poeziyasının ən dəyərli incisi olan “Şahnamə” epopeyası... Kitab dahi söz xiridarı Əbülqasim Firdovsinin portreti ilə açılır. Rəssam hökmdarların sərgüzəştlərini, saysız döyüş səhnələrini, cəngavərlərin qəhrəmanlığını, xeyir və şərin mübarizəsini zəngin boyalarla əks etdirən lövhələr yaratmağa nail olub. “Şahnamə” əsərinə çəkdiyi illüstrasiyalar kitab qrafikası sahəsində yaratdığı ən böyük uğurlarından biridir.

Xalq rəssamının əsərlərinin “səyahət coğrafiyası” genişdir: Almaniya, Çexoslovakiya, İtaliya, İraq, Türkiyə və başqa ölkələr.

Hazırda Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyi binasının interyerini Davud Kazımovun “Abşeron mənzərələri” bəzəyir. İndi bir sıra əsərləri Azərbaycan tarixi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı və Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeylərində nümayiş etdirilir.

Davud Kazımov Azərbaycan Dövlət Rəssamlıq Skademiyasının professorudur. Rəngkarlıq fakültəsində dərs deyib.

Professor peşəkar rəssamlığın özəlliklərindən söz açır: “Rəssam rəsm çəkən deməkdir. Rəsm rəssamlığın, necə deyərlər, “fəqərə sütunudur”. Hər bir adam şəkil çəkə bilər, ancaq hər adam sözün həqiqi mənasında rəssam ola bilməz. Gördüyün, müşahidə etdiyin hər şeyi kətana, kağıza köçürmək hələ rəssam olmaq deyil. Təsviri sənətin bu sahəsi ilə məşğul olanların yüksək bədii təxəyyülü olmalıdır”.

Xalq rəssamı Davud Kazımov 14 fevral 2015-ci ildə vəfat edib.

Baxış sayı: 556