XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan ilə Türkiyənin kitabxana işi sahəsində birgə layihələri Ankarada müzakirə olunub
ÜMÜMİ XƏBƏRLƏR
27/08/2024 15:43

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində yeni yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin kitabxanalar və nəşriyyatlar baş idarəsinin rəhbəri, Türkiyə Milli Kitabxanasının direktoru Taner Beyoğlu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı iki ölkə arasında mədəniyyət, kitabxana, nəşriyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycan mədəniyyətinin Türkiyədə tanıdılması istiqamətində görüləcək işlər, Türkiyənin Milli Kitabxanasına və bölgələrdə yerləşən kitabxanalara Azərbaycana dair nəşrlərin hədiyyə olunması, Türkiyə fondlarında saxlanılan Azərbaycan klassik irsinin, nadir nüsxələrin tədqiqi, qədim xəritələrin sərgisinin təşkili, əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, razılaşmalar əldə olunub.

Görüşdə gələcəkdə qarşılıqlı olaraq elmi jurnallardan onlayn istifadə edilməsi, Türk dövlətləri arasında elektron kataloq və elektron kitabxana sahəsində inteqrasiya, birgə layihələrin, tədbirlərin reallaşdırılmasına dair fikirlər səsləndirilib.

 

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Baxış sayı: 109