XƏBƏRLƏR
MƏLUMAT
Gənclər Kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı Günü ilə əlaqədar kitab sərgiləri açılıb
ÜMÜMİ XƏBƏRLƏR
26/08/2024 14:30

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd edilir. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Tükənməz xəzinə - Azərbaycan muğamı” adlı virtual kitab sərgisi və “Beynəlxalq Azərbaycan Muğamı Günü” adlı ənənəvi kitab sərgisi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual kitab sərgisində bu günün təsis edilməsi tarixi, Azərbaycan muğamlarının təsnifatı, inkişaf mərhələləri haqqında məlumat verilir. Materialda Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən yerli və beynəlxalq əhəmiyyətli silsilə tədbirlər, 2005-ci ildən davamlı olaraq təşkil edilən “Azərbaycan muğamları” layihəsindən bəhs edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə “Muğam aləmi” toplusu, “Muğam ensiklopediyası”, “Xanəndə Məşədi Qafar Qaryağdı”, “Muğam haqqında əlyazmalar toplusu”, “Azərbaycan xalq çalğı alətləri”, “Azərbaycan muğam fəlsəfəsi” kimi kitabların qısa annotasiyası və “Muğam sənətimizin Mehriban himayədarı”, “Muğam aləminin əlvan rəngləri” kimi məqalələrin yer aldığı dövri mətbuat nümunələri təqdim edilir.

Virtual kitab sərgisində muğam ifalarının yer aldığı “Xarıbülbül” festivalından görüntülər, korifey və müasir muğam ifaçılarının çıxışlarından fraqmentlər nümayiş olunur.

26 avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü ilə hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/26-avqust-azerbaycan-mugami-gunu  yerləşdirilib.

Baxış sayı: 84