XƏBƏRLƏR
MƏLUMAT
Astanada əfsanəvi müğənni Roza Baqlanova adına Beynəlxalq Vokal Müsabiqəsi keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
19/08/2024 17:03

Sentyabr ayında Qazaxıstanın paytaxtı Astanada əfsanəvi müğənni Roza Baqlanova adına Beynəlxalq Vokal Müsabiqəsi təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə keçirilən müsabiqə istedadlı gənc vokalçıların parlaması və dəstəklənməsi üçün mühüm meydan olacaq.

Nazirliyin yaydığı məlumata görə, estrada janrında oxuyan respublika, beynəlxalq və televiziya müsabiqələrinin 18-35 yaşlı iştirakçıları, həmçinin mədəniyyət və incəsənət profilli ali məktəblərin tələbələri müsabiqəyə qatıla bilərlər. İştirakçılar ərizələrini sentyabrın 1-dək təqdim etməlidirlər.

Müraciət üçün əsas şərt Roza Baqlanovanın repertuarından bir mahnının ifa edilməsidir ki, bu da hər bir iştirakçının böyük qazax müğənnisinin irsi ilə tanışlığına və öz məharətini beynəlxalq səhnədə nümayiş etdirməsinə imkan verir.

Baxış sayı: 141