XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın ilk peşəkar qadın rəssamı Vəcihə Səmədovaya həsr olunmuş poçt markası hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
26/08/2024 09:33

Ümumdünya Poçt İttifaqı Azərbaycanın ilk peşəkar qadın rəssamı Vəcihə Səmədovaya həsr olunan poçt bloku ilə bağlı paylaşım edib. “Azərpoçt” tərəfindən hazırlanmış poçt markası Vəcihə Səmədovanın 100 iliyinə həsr edilib. Paylaşım İttifaqın “She Stamps” layihəsi çərçivəsində həyata keçirilib.

“Azərpoçt”dan AZƏRTAC-a bildirilib ki, blokun üzərində rəssamın portreti və rəsm əsərləri təsvir olunub.

Azərbaycanın Əməkdar incəsənət xadimi Vəcihə Səmədova 1924-cü ildə anadan olub. Görkəmli Azərbaycan rəssamı ölkəmizin təsviri sənət tarixində öz layiqli dəsti-xətti və yaradıcılıq manerası ilə seçilən sənətkarlarımızdandır.

Qısa ömür yaşayan və fitri istedada malik olan Vəcihə Səmədovanın fərdi sərgiləri dəfələrlə Bakı, Moskva, Sofiya və digər şəhərlərdə uğurla nümayiş etdirilib. Onun tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq bu əsərlərin dünya muzeylərində layiqli yer tutmasına səbəb olub.

Vəcihə Səmədova 1965-ci ildə vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının sərgi salonu onun adını daşıyır.

Baxış sayı: 119