XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Xan Şuşinskinin anadan olmasının 123 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
20/08/2024 09:14

Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-ci il avqustun 20-də Şuşada anadan olub. Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi, əslində, Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur. O, Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Simfonik orkestrin müşayiəti ilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır. Şövkət Ələkbərova ilə Xan Şuşinskinin ifasında lentə alınan “Yaylıq” adlı bu duet indi də maraqla dinlənilir.

Görkəmli xanəndə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradaraq gənc xanəndələrə muğamın sirlərini öyrədib. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib.

Xan Şuşinskinin səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb. 1943-cü ildə o, milli musiqi mədəniyyəti sahəsindəki uğurlarına görə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb, “Şərəf nişanı” ordeni və medallarla təltif olunub.

Görkəmli xanəndə 1979-cu ildə vəfat edib.

 

Baxış sayı: 132