XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Böyükxanım Əliyevanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
28/08/2024 09:48

Böyükxanım Həsənbala qızı  Əliyeva 1945-ci il avqust ayının 28-də Xaçmaz rayonunda anadan olub.

Böyükxanım Əliyeva 1966-1968-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradıcılıq laboratoriyasında işləyib. 1969-1973-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışır.

Teatrda çalışdığı bu illərdə: Ziba xanım, Zalxa (“Lənkəran xanının vəziri” və “Xırs quldurbasan”, Mirzə Fətəli Axundzadə), Səadət xanım (“Dağılan tifaq”, Əbdürrəhim bəy Haqverdiyev), Səadət xanım (“MüsibətiFəxrəddin”, Nəcəf bəy Vəzirov), Dilşad (“Topal Teymur”, Hüseyn Cavid), Gültəkin (“Aydın”, Cəfər Cabbarlı), Mehinbanu (“Fərhad və Şirin”, Səməd Vurğun), Dilşad xanım, Anjel (“Atayevlər ailəsində” və “Məhv olmuş gündəliklər”, İlyas Əfəndiyev), Təhminə (“Təhminə və Zaur”, Anar), Nihal (“Yağışdan sonra”, Bəxtiyar Vahabzadə), Sevinc (“Sənsiz”, Şıxəli Qurbanov), İokasta (“Şah Edip”, Sofokl), Hermiona (“Qış nağılı”, Uilyam Şekspir), Dorina (“Tartüf”, Jan Batist Molyer), Klyea (“Ezop”, Gilerma Fiqeyredu), Jivka (“Nazirin xanımı”, Branislav Nuşiç), Amaliya (“Qaçaqlar”, Fridrix Şiller), Fəxrəndə xanım (“Bayramın birinci günü”, Nazim Hikmət), Anna Andreyevna (“Müfəttiş”, Nikolay Qoqol), Merçutkina (“Yubiley”, Anton Çexov), Müllerova (“Əsgər Şveykin macəraları”, Yaroslav Qaşek), Beatriçe (“İki ağanın bir nökəri”, Karlo Qoldoni) kimi tamaşaçılar tərəfindən sevilən, uğurlu obrazlar yaradıb.

“Azərbaycanfilm” kinostudiyasında “Şəhərli biçinçilər” (Hümmətin arvadı) bədii filminə çəkilib.

Teatr sənətindəki xidmətlərinə görə o, 1979-cu ildə “Əməkdar artist”,  2000-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. Aktrisa Lənkəran Dövlət Dram Teatrında gənc aktyor nəslinin yetişməsinə də töhfələrini verir.

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.

Baxış sayı: 147