XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
28/06/2024 09:40

Onu səhnəmizin “ağ çiçəyi” adlandırırlar. Doğrudan da, milli rəqslərimizin sədaları altında qanad açıb quş kimi süzən ürkək baxışlı, zərif yerişli bu xanımı ağ göyərçinə, qağayıya, durnaya bənzədənlər, bənövşə ilə müqayisə edənlər də olub. Rəqs meydançasında özünü suda balıq kimi hiss edən milli rəqslərin gözəl və bənzərsiz ifaçısı özü də çox rəqsə quruluş verib. Bəstəkar Cahangir Cahangirov “Ağ çiçəyim” mahnısını məhz onun şərəfinə yazıb.

AZƏRTAC xəbər verir ki, iyunun 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti "Şərəf" və "Şöhrət" ordenli xoreoqraf Roza Cəlilovanın 95 illik yubileyinə həsr olunmuş konsertin əvvəlində bu barədə danışılıb.

Tədbirdə rəqs sənətinin əfsanəsi hesab olunan Roza Cəlilovanın yaradıcılığından bəhs olunub, onun keçdiyi sənət yolu xatırlanıb.

Məşhur rəqqasənin keçdiyi sənət yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam edib.

Konsert proqramında “Suita”, “Sarı gəlin”, “Buleyli”, “Qaytağı", “Uzundərə", “Süzən qızlar”, “Günəşin doğuşu”, “Çayçı” və digər milli rəqslər ifa olunub.

Rəqs sənətinin korifeyi Roza Cəlilovanın nəvəsi Lalə Aslanovanın ifasında “İlk bahar” rəqsi və digər rəqs nömrələri görkəmli ifaçının sənət estafetinin layiqli davamçısı olduğunu nümayiş etdirib.

Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. İki il Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyətini davam etdirib. 1965-1975-ci illərdə ansamblın rəqs qrupuna rəhbərlik edib.

O, uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. 1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlayıb. Sənətkarın repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutub. Roza Cəlilova milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biridir.

Baxış sayı: 78