XƏBƏRLƏR
MƏLUMAT
Özbəkistanda Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib
ÜMÜMİ XƏBƏRLƏR
25/06/2024 12:29

Özbəkistanda 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Özbəkistandakı Hərbi Attaşelik Aparatının rəhbəri, polkovnik Samir Əfəndiyev qəbula toplaşanları salamlayaraq bildirib ki, 26 iyun Azərbaycan tarixinin əlamətdar səhifələrindən biri - Milli Ordunun yarandığı gündür. Məhz 106 il əvvəl Azərbaycan Ordusunun yaranması Milli dövlətçilik tarixinin mühüm mərhələlərindən biri kimi tarixə düşüb. Müstəqil Azərbaycan Ordusunun inkişaf edərək yeni mərhələyə qədəm qoyması məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adları ilə bağlıdır.

Hərbi Attaşelik Aparatının rəhbəri bildirib ki, hazırkı dövrdə Azərbaycan dövləti milli və dövlət maraqları naminə beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Dünyanın hərbi analitik mərkəzləri 44 günlük Vətən müharibəsində Azərbaycan hərbi qüvvələrinin qələbəsini təhlil edir, bir çox ölkənin hərbi idarələri ordumuzun təcrübəsindən özləri üçün örnək götürür.

Polkovnik S.Əfəndiyev qeyd edib ki, Azərbaycan Respublikası beynəlxalq standartlara uyğun olaraq hərbi infrastrukturun inkişafına hərbi potensialın möhkəmlənməsinin əsas şərti kimi baxır, aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığa böyük önəm verir.

O bildirib ki, Qarabağ məsələsinin həlli istiqamətində Özbəkistan həmişə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və bunun üçün biz Özbəkistanın rəhbərlərinə minnətdarlıq edirik.

Tədbirin bədii hissəsində Özbəkistanda tanınan müğənni, soydaşımız Rəna Əzizova bəstəkar və xalq mahnılarını, İlham Abdullayev sazda qədim el havalarını, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

 

Baxış sayı: 188