XƏBƏRLƏR
MƏLUMAT
“Sənətkarın dostu” layihəsi davam edir
ÜMÜMİ XƏBƏRLƏR
25/06/2024 09:09

Cari ilin 24 iyun tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçığı, Bakı Şəhər Mədəniyyət Baş  İdarəsinin və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının dəstəyi ilə “Sənətkarın dostu” layihəsinin növbəti görüşü keçirilib.

26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş görüşün qonağı Azərbaycanın hərbi   diktoru, hərbi-vətənpərvərlik nəğmələrinin ifaçısı Şəmistan Əlizamanlı olub.

Görüşdə MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov iştirakçıları salamlayaraq bildirdi ki, bu gün qəhrəmanlığa həsr olunmuş mövzularda müxtəlif formatlı tədbirlərin təşkili Mərkəzin prioritetlərindən biridir.

MEMİM-in əməkdaşı Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən tədbirdə 44 günlük müharibədə qələbənin əldə olunmasında hərbi nəğmələrin rolu, gənclərin milli ruhda tərbiyə edilməsi istiqamətində söhbət aparılıb. Ş.Əlizamanlı sənətdə ilk addımlarından bəhs edərək, Azərbaycan hərb musiqisinin tarixi, inkişafı və əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.

Görüş zamanı Ş.Əlizamanlı “Ana vətən”, “Cənab leytenant” və “Can Azərbaycan” Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri (bədii rəhbər: Əməkdar incəsənət xadimi Əlibala Rzayev) “Marş”, “Vətən marşı”, Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin kollektivi “Şuşa Fatehləri” əsərlərini səsləndiriblər.

Şəhid ailə üzvləri, qazilər və Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin iştirakı ilə keçirilmiş tədbirdə qonaqları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, “Sənətkarın dostu” layihəsi çərçivəsində mədəniyyətin müxtəlif istiqamətləri üzrə sənət xadimlərinin iştirakı ilə paytaxt və regionlarda maarifləndirici, musiqili və interaktiv görüşlərin təşkili nəzərdə tutulur. Layihənin ilk görüşü 1 iyun tarixində Üzeyir Hacıbəylinin ev-muzeyində Xalq artisti, professor, pianoçu Ülviyyə Hacıbəyovanın iştirakı ilə baş tutub.

Baxış sayı: 137