XƏBƏRLƏR
MƏLUMAT
Kukla Teatrının beynəlxalq əlaqələri genişlənir
ÜMÜMİ XƏBƏRLƏR
27/06/2024 11:46

Azərbaycan Dövlət Kukla Teatrı beynəlxalq miqyasda əlaqələrini genişləndirməkdə davam edir.

Teatrdan AZƏRTAC-a bildirilib ki, bu çərçivədə qardaş Özbəkistanın Qaraqalpaq Dövlət Kukla Teatrının kollektivi ölkəmizdə səfərdədir.

Özbəkistanın Qaraqalpaq Dövlət Kukla Teatrının direktoru Usmanatdin Mambetalievin başçılıq etdiyi teatr təmsilçiləri Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra Azərbaycan Dövlət Kukla Teatrında iki sənət ocağının rəhbərinin iştirakı ilə əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi olub.

Sənəddə qarşılıqlı qastrol səfərlərinin təşkili, ustad dərsləri, müştərək tamaşaların hazırlanması kimi məqamlar yer alıb. Bununla yanaşı kadrların - dramaturqların, rejissorların, rəssamların, aktyorların xidmət və təcrübə mübadiləsi, yüksək səviyyəli milli və xarici səhnə əsərlərinin birgə yaradılması, habelə beynəlxalq festivallar, qastrol səfərlərinin təşkilində əməkdaşlıq, teatr sahəsində tərəflərin səmərəliliyin artırılması sənədin əsas mövzusudur.

Əməkdaşlığın əsas istiqamətləri və vəzifələrə gəlincə, müqavilənin əsas məqsədi tərəflər arasında, xüsusilə teatr sənəti və yaradıcılıq sahələrində müxtəlif mədəni əlaqələrin qurulması, inkişaf etdirilməsi və möhkəmləndirilməsidir.

Belə ki, tərəflərin əməkdaşlığı ilə tamaşaların yaradılması layihələrinin perspektiv planına uyğun olaraq prosesə Özbəkistanda azərbaycanlı rejissor, Azərbaycanda isə özbək rejissorun quruluşunda milli dramaturgiya nümunələrindən tamaşaların hazırlanması ilə başlanacaq. Sənəddə yaradıcı kadrların - dramaturqların, rejissorların, rəssamların, aktyorların hazırlanması üzrə birgə tədris layihələrinin həyata keçirilməsi də nəzərdə tutulub.

Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə və onun özbəkistanlı həmkarı Usmanatdin Mambetaliev teatrın yaradıcılıq və mədəniyyət sahələrində beynəlxalq əməkdaşlığın inkişafı üçün atılan addımların hər birinin kukla sənətinin inkişafı üçün əhəmiyyətli olduğunu bildiriblər. Bu mənada iki qardaş, dost ölkənin kukla teatrları təmsilçilərinin bir araya gəlməsindən məmnunluqlarını dilə gətiriblər.

Xatırladaq ki, səfər proqramına uyğun olaraq qaraqalpaqlı kuklaçıların təqdimatında iyunun 27-də Azərbaycan Dövlət Kukla Teatrında “Açıq qapı” günü çərçivəsində “Saray içindəki möcüzə” adlı tamaşa-konsert də təqdim olunacaq.

 

Baxış sayı: 77