XƏBƏRLƏR
MƏLUMAT
Vyanada Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
25/06/2024 09:33

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli caz musiqiçisi, saksofonçu, klarnet ifaçısı, bəstəkar, dirijor, Azərbaycan Televiziya və Radiosunun estrada simfonik orkestrinin (1960-1981) bədii rəhbəri və baş dirijoru, Azərbaycan Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, “Musiqi sevinc bəxş edir” (“Musik macht Freude - MmF”) adlı yubiley konserti Vyana musiqi məktəbi tərəfindən “Culture Meeting Point” Vyana mədəniyyət təşkilatı, Vyana meriyası, “Sun Dance Company” rəqs studiyası və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə musiqi məktəblərinin və Vyana şəhər gimnaziyalarının şagirdlərinin iştirakı ilə təşkil olunub.

Tədbirin girişində “Musiqi sevinc gətirir” musiqi məktəbinin rəhbəri və “Culture Meeting Point” mədəniyyət təşkilatının musiqi rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fərəh Tahirova qonaqları salamlayaraq T.Əhmədovun Azərbaycan caz musiqisinin inkişafındakı rolundan bəhs edib.

Qeyd edilib ki, Şərqlə Qərb arasında musiqi mübadiləsi və mədəni körpü rolunu oynayan, Avstriya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına yönələn konsertdə T. Əhmədovun əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarı Qara Qarayevin, məşhur Avstriya və Avropa bəstəkarlarının əsərləri də yer alır.

Konsert uşaqların T. Əhmədovun yaradıcılığı haqqında maraqlı təqdimatları ilə müşayiət olunub, T.Əhmədovun məşhur bəstələri və fotoarxivi təqdim olunub.

Musiqi məktəbi və şəhər gimnaziyaları şagirdlərinin və “Sun Dance Company” rəqs studiyasının tələbələrinin ifaları gecənin qonaqları tərəfindən maraqla qarşılanıb.

Beynəlxalq fortepiano müsabiqələrinin laureatı, gənc pianoçu və bəstəkar, Vyana Dövlət Operası xorunun solisti Norbert Ebner konsertdə T.Əhmədovun “Give me a smile” (“Güldür məni”) mahnısını, həmçinin T. Əhmədovun yubileyinə həsr olunmuş “Günəşli vals” bəstəsini ifa edib.

Gecədə Vyanada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarının nümayəndələri, Azərbaycanın Vyanadakı səfirliyinin əməkdaşları, avstriyalı musiqiçi və alimlər, T.Əhmədovun ailə üzvləri iştirak ediblər.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

 

Baxış sayı: 88