XƏBƏRLƏR
MƏLUMAT
Gənclər Kitabxanasında şair Çingiz Əlioğlunun 80 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
28/06/2024 12:08

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair, Əməkdar mədəniyyət işçisi Çingiz Əlioğlunun 80 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Çingiz Əlioğlunun çoxşaxəli bədii yaradıcılığı, Azərbaycan xalqının zəngin ədəbiyyatının tədqiqi və təbliği sahəsində əvəzsiz xidmətləri haqqında məlumat verilib.

Bazada görkəmli şəxslərin şair haqqında söylədikləri fikirlər, müəllifi və redaktoru olduğu əsərlər, tərtib etdiyi kitablar təqdim olunub. Həmçinin onun tərcümələri, sözlərinə bəstələnən musiqi əsərlərinin siyahısı, izonəşrlər də yer alır. Məlumat bazasında müəllifin filmoqrafiyası, video və foto qalereyası, virtual kitab sərgisi də təqdim edilir.

Məlumat bazasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Səslərin mənası”, akademik Nizami Cəfərovun “Çingiz Əlioğlu – çərçivənin çərçivəsizliyi, yaxud çərçivəsizliyin çərçivəsi”, filologiya elmləri doktoru, professor Rüstəm Kamalın “Çingiz Əlioğlu şeiri: Dilin magik təcrübəsi” məqalələrinin tam mətni yer alıb.

Elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Cingiz_Elioglu_el_melumat_bazasi/index.html  yerləşdirilib.

Baxış sayı: 74