XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanları tanıyaq və tanıdaq” rubrikasında Kənan Allahverdiyev
ÜMÜMİ XƏBƏRLƏR
10/02/2022 00:10

Kənan Mərdan oğlu Allahverdiyev 10 fevral, 2002-ci ildə Sumqayıt şəhərində sadə, zəhmətkeş azərbaycanlı ailəsində dünyaya gəlib. 2008-ci ildə Qubadlı rayon Mahmudlu kənd tam orta məktəbin birinci sinifinə daxil olub. 2018-ci ildə doqquz illik təhsili bitirib.

O, hər zaman çalışaraq ailəsinə dəstək olub, ata-anasının, bacı-qardaşının qayğısını çəkib. Təbiətcə qapalı olan Kənan həm də utancaq idi. O, cüdo idman növü ilə məşğul olub, məşqçi müəllimi Ceyhun Mirzəyev idi. Dəfələrlə müxtəlif yarışların qalibi və şəhər birinciliyinin qızıl mükafatçısı olub. “Diriliş Ertuğrul” türk filimini daima izləyən Kənanın qəhrəmanı Ərtoğrul idi. Arzusu torpaqlarımızı alaraq şəhid olmaq idi...Kənan arzusunda olduğu həmin müqəddəs məqamada yüksəlib. Qəhrəman şəhid Kənanın böyük Vətən sevgisi məhz ailəsindən qaynaqlanıb. Atası Mərdan Allahverdiyev 1992-1996-cı illərdə birinci Qarabağ döyüşlərinin iştirakçısı olub.

Kənan 2020-ci ilin may ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə yola düşüb. İlk hərbi xidmətini Goranboyda, Bərdə qarnizonunun “N” saylı hərbi hissəsində yerinə yetirib, snayperçi idi. Vətən müharibəsində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər, kəndlər, rayonlar uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına iştirak edib.

2020-ci il oktyabrın 2-dən 3-nə keçən gecə, Suqovuşanda torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda gedən ağır döyüşlərdə 18 yaşında şəhidlik zirvəsinə ucalıb. 4 oktyabr şəhidin dəfninə minlərlə şəhər sakinləri, yüksək rütbəli zabitləri, Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri qatılıb. Kənan Allahverdiyev Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Baxış sayı: 334