XƏBƏRLƏR
MƏLUMAT
Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/09/2024 15:39

Azərbaycan Bəstəkarlar İttifaqında XVI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Akademik Üzeyir Hacıbəyli” adlı elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açıb. O, dahi bəstəkarın həyat yolundan, zəngin yaradıcılığı və elmi irsindən danışıb, onun milli musiqimizin inkişafında mühüm xidmətlərini vurğulayıb.

Firəngiz Əlizadə qeyd edib ki, festival müxtəlif mədəniyyət müəssisələrində çoxsaylı tədbirləri əhatə edir. Dünyanın müxtəlif ölkələrindən musiqiçilər və tamaşaçılar dahi bəstəkarın zəngin musiqi irsi ilə daha yaxından tanış ola biləcəklər. O, Üzeyir Hacıbəyli yaradıcılığının tükənməz sərvət olduğunu, onun əsərlərinin coğrafiyasının hər gün genişləndiyini, dahi bəstəkarın çoxşaxəli yaradıcılığı haqqında yeni-yeni tədqiqatların aparıldığını qeyd edib.

Konfransda dahi bəstəkarın irsinə dair “Üzeyir Hacıbəylinin səslərin ahəngi nəzəriyyəsi XX əsr musiqi elmi kontekstində: paradokslar və perspektivlər”, “Üzeyir Hacıbəylinin akademik fəaliyyəti”, “Üzeyir Hacıbəylinin səslərin ahəngi nəzəriyyəsi”, “Üzeyir Hacıbəyli yaradıcılığında milli səs ahəngi sistemi” və “Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi əsərinin müasir musiqi təhsili sistemində rolu” mövzularında məruzələr dinlənilib.

Tədbir Müslüm Maqomayevin “Azərbaycan” mahnısının ifası ilə başa çatıb. 

Baxış sayı: 32