XƏBƏRLƏR
MƏLUMAT
“Vikipediya”da Türk dilində “Xarıbülbül” festivalı haqqında bölmə istifadəyə verilib
ÜMÜMİ XƏBƏRLƏR
24/09/2024 14:48

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında “Vikipediya” elektron ensiklopediyasında “Xarıbülbül” beynəlxalq musiqi festivalı haqqında Türk dilində bölmə istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya könüllüləri tərəfindən yaradılan bölmədə ilk dəfə olaraq 1989-cu ildə təşkil olunan festivalın tarixi, adı, bu tədbirin məhz Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində keçirilməsi, digər maraqlı məlumatlar yer alıb.

Qeyd olunur ki, “Xarıbülbül” Beynəlxalq Festivalı 1989-cu ildə görkəmli azərbaycanlı xanəndə Seyid Şuşinskinin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunmağa başlamış, festival hər ilin may ayında Şuşada Xarıbülbül gülünün çiçəklənmə dövründə keçirilib.

“1992-ci ilin may ayında Qarabağ münaqişəsinin başlanması və Ermənistan tərəfindən Azərbaycanın Şuşa şəhərinin işğalı ilə əlaqədar festivalı təşkil etmək mümkün olmamış, yalnız Şuşa şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri ölkənin mədəniyyət paytaxtı elan edilib və sonra - 2021-ci il may 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı yenidən keçirilməyə başlanmışdır”.

Türkdilli vikipedia istifadəçilərinə məlumat verilir ki, festival keçirilərkən ilk dəfə olaraq Türkiyə, İtaliya, Almaniya, Yaponiya, Avstriya, Əfqanıstan, İspaniya, İsrail, ABŞ kimi ölkələrin və keçmiş SSRİ respublikaları iştirak ediblər.

Yaradılmış bölmədə Xarıbülbül çiçəyi haqqında məlumat verilir, bu çiçəyin yalnız Azərbaycanın Şuşa və ətraf rayonlarında bitdiyi qeyd olunur.

Vurğulanır ki, Qarabağ münaqişəsi başlayandan sonra “Xarıbülbül” Azərbaycan xalqının bir mübarizə simvoluna çevrilib. “Xarıbülbül” Vətən müharibəsində şəhidlərin xatirəsi və Azərbaycan ordusunun qələbəsinin simvolu kimi məşhurlaşaraq Azərbaycanda hər kəs tərəfindən böyük sevgi, hörmət və müqəddəslik rəmzi kimi qəbul edilib.

Bölmədə festivalın dövrlər üzrə iştirakçıları, qalibləri haqqında geniş məlumat verilir. 2021-ci ildə bərpa olunan festivalda qala-konsertdən şəkillər yer alıb, bağlanış mərasimindən sonra isə səhnədə Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tarixi fotoşəkilləri yerləşdirilib.

Türk dilində “Harıbülbül Müzik Festivali” adlı bölmə ilə bu linkdə tanış olmaq mümkündür.

https://tr.wikipedia.org/wiki/Har%C4%B1b%C3%BClb%C3%BCl_M%C3%BCzik_Festivali

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Baxış sayı: 44