XƏBƏRLƏR
MƏLUMAT
Bakı Kitab Mərkəzində görkəmli pianoçu Elmira Səfərovanın xatirəsi anılıb
ÜMÜMİ XƏBƏRLƏR
24/09/2024 09:22

Elmira Səfərova uşaqlıq dövründən musiqiyə həvəs göstərib. Bu sahədə ilk təhsilini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki musiqi məktəbində alıb. Kövkəb Səfərəliyeva, Lidiya Yeqorova və digər görkəmli pedaqoqlardan musiqi sənətinin sirlərini mənimsəyib. İllər sonra müsahibələrinin birində o, belə demişdi: “Gələcək həyatımda sənət seçimi ilə bağlı heç bir zaman sual meydana çıxmamışdı. Belə bir təəssürat var idi ki, musiqi mənimlə birgə doğulub və mən öz həyatımı musiqidən kənar heç cür təsəvvür edə bilmirdim...”.

Sentyabrın 23-də Bakı Kitab Mərkəzində görkəmli pianoçu, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Səfərovanın anadan olmasının 90 illiyi münasibətilə keçirilən tədbirdə də həyatını musiqiyə həsr etmiş bu insan haqqında ürəkdolusu danışılıb, onunla bağlı xatirələr bölüşülüb.

AZƏRTAC xəbər verir ki, tədbir Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunub.

Bu tədbirin onun üçün mühüm əhəmiyyət daşıdığını bildirən Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı Elmira Səfərovanı nəcib insan, bənzərsiz pedaqoq, dəyərli dost, vətənpərvər ziyalı, Azərbaycanı bütöv varlığı ilə sevən bir musiqişünas kimi səciyyələndirib.

Tədbirdə E.Səfərovaya həsr olunmuş videoçarx nümayiş edilib.

Xatirə axşamında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, mədəniyyət nazirinin müavini Murad Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Ülkər Talıbzadə və başqaları çıxış edərək Elmira Səfərovanın yorulmaz pedaqoji fəaliyyətindən, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunan Elmira Səfərova professor Mayor Brennerin sinfində təhsil alıb. Tələbəlik illərindən istedadlı pianoçu kimi tanınıb, konsertlərdə çıxış edib. 1957-ci ildən təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında davam etdirib. Musiqi ifaçılarının I Zaqafqaziya müsabiqəsində (1960) laureat adını qazanıb.

1961-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimlik fəaliyyətinə başlayan Elmira Səfərova respublikamızda musiqi sənətinə və fortepiano ifaçılığı üzrə yüksək səviyyəli peşəkarların hazırlanmasına böyük töhfələr verib. O, sonralar məşhurlaşan və bu gün pianoçu kimi Azərbaycan musiqisini uğurla təmsil edən bir çox ifaçıların müəllimi olub. Həmçinin konservatoriyada respublikanın musiqi məktəblərinin müəllimləri üçün ixtisasartırma kurslarında metodiki işlər və mühazirələr aparıb, bir sıra metodik vəsaitlərin, elmi məqalələrin müəllifi olub.

Qeyd edilib ki, pedaqoji fəaliyyəti ilə yanaşı, Elmira xanım konsertlərdə solo və ansambl ifaçısı kimi çıxış edib. Mütəmadi olaraq keçirdiyi tematik açıq sinif konsertləri də böyük marağa səbəb olub. 1995-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil etdiyi klassik və müasir musiqi festivalı da Elmira xanımın bu sahədə mühüm xidməti idi.

Diqqətə çatdırılıb ki, 1997-ci ildə dünyasını dəyişən Elmira Səfərovanın yetirmələri bu gün konsert-ifaçılıq və pedaqoji fəaliyyətləri ilə onun yolunu davam etdirirlər.

Tədbirdə tanınmış və gənc musiqiçilərin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirlib.

Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına ailəsi adından təşəkkürünü bildirən musiqişünas, akademik Zemfira Səfərova Elmira Səfərovanın uşaqlıq, gənclik, tələbəlik illərindən söz açıb.

Vurğulayıb ki, yüksək insani keyfiyyətlərə malik görkəmli musiqi xadimi, qayğıkeş müəllim Elmira Səfərovanın əziz xatirəsi onu tanıyanların, yetirmələrinin qəlbində və mədəniyyət tariximizdə daim yaşayacaq.

 

Baxış sayı: 43