XƏBƏRLƏR
MƏLUMAT
“Sakartvelos Respublika” qəzetində “Azərbaycanın Mədəniyyət beşiyi Şuşa” sərlövhəli məqalə dərc olunub
ÜMÜMİ XƏBƏRLƏR
23/09/2024 15:55

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Milli-mədəni irsimizin təbliği” layihəsi çərçivəsində Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində “Azərbaycanın Mədəniyyət beşiyi Şuşa” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalə Ulu Öndər Heydər Əliyevin “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir” tarixi kəlamı ilə başlayıb.

Məqalədə deyilir ki, Şuşanın tarixini yaxşı bilən Ümummilli Lider şəhərə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Dahi lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Ulu Öndər Heydər Əliyev Şuşanın abidələr şəhəri olduğunu, diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumağın, qədim tikililəri bərpa etməyin vacibliyini qeyd edib və bundan sonra bu şəhərin simasının gözəlləşdirilməsi, tarixi abidələrin bərpası məqsədilə mühüm işlər həyata keçirilib.

1990-cı ilin əvvəllərində Ermənistan silahlı qüvvələri xarici havadarlarının dəstəyi ilə Azərbaycanda baş verən xaos və anarxiyadan istifadə edərək ölkəmizə qarşı hücumlar təşkil edirdilər. Həmin dövrdə Azərbaycanda vahid ordunun olmaması və hakimiyyətdə olanların səriştəsizliyi nəticəsində torpaqlarımızın 20 faizi işğal edildi. 1992-ci il mayın 8-də Şuşa şəhəri də düşmən işğalına məruz qaldı. Ermənilər Şuşada Azərbaycanın tarixi mədəni irsinə aid abidələri yerlə-yeksan edib, şəhəri tanınmaz hala saldılar.

1992-ci il mayın 8-də erməni birləşmələri tərəfindən işğal edilən Şuşada 195 Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq insan doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülən 58 azərbaycanlının taleyi barədə hələ də xəbər yoxdur. 600-ə yaxın tarixi memarlıq abidəsi və müxtəlif təyinatlı binalar yerlə-yeksan edilib.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttində yerləşən mövqelərimizə və mülki yaşayış məntəqələrimizə edilən hücumlara, açılan artilleriya atəşinə cavab olaraq rəşadətli Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurlu əks-hücum əməliyyatı keçirərək 1992-ci il mayın 8-də erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şuşa şəhərini 2020-ci il noyabrın 8-də düşməndən azad edib.

Ordumuzun cəsur və peşəkar hərbi qulluqçuları şəhərə sıldırım qayalardan qalxaraq, əlbəyaxa döyüşlə Şuşanı düşməndən təmizlədi. Şəhərin işğaldan azad olunmasından sonra düşmən artıq Azərbaycan Ordusunun qarşısındakı acizliyini etiraf edərək noyabrın 10-da üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Bununla da Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ tamamilə işğaldan azad edilib.

Şuşa indi azad nəfəs alır. Şuşa keçmiş şöhrətinə qovuşur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə artıq şəhərdə tarixi abidələrin, yolların, kommunikasiya xətlərinin, ümumiyyətlə bütün infrastrukturun bərpası və yenilənməsi ilə bağlı mühüm işlər görülməkdədir. Şuşa yenidən mədəniyyət beşiyi olaraq dünya mədəni irsinə öz töhfəsini verməyə davam edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixli Sərəncamına əsasən, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

“Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Baxış sayı: 83