XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli bəstəkar Firəngiz Əlizadə növbəti dəfə beynəlxalq müsabiqənin münsiflər heyətinə sədrlik edib
ÜMÜMİ XƏBƏRLƏR
24/09/2024 17:27

Dünyanın “Sülh artisti”, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Sankt-Peterburqda görkəmli rus bəstəkarı A.P.Petrovun adını daşıyan Bəstəkarların XVIII müsabiqəsində növbəti dəfə münsiflər heyətinə sədrlik edib. 2007-ci ildən keçirilən bu müsabiqəyə dünyanın müxtəlif ölkələrindən bəstəkarlar qatılır. 2019-cu ildən müsabiqənin münsiflər heyətinin sədri məhz Azərbaycanın görkəmli bəstəkarı, professor Firəngiz Əlizadədir.

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin açılış mərasimində Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova çıxış edərək SSRİ Xalq artisti A.P.Petrovun öz əsərləri ilə rus xalqının qəlbində mühüm yer tutduğunu, onun musiqisindən bəhrələnən istedadlı gənclərin bu müsabiqəyə böyük həvəslə qatıldığını vurğulayıb.

Müsabiqə çərçivəsində sentyabrın 19-da Sankt-Peterburq Dövlət Konservatoriyasında Firəngiz Əlizadə ilə görüş keçirilib, Arkadiy Şteynluxtun dirijorluğu ilə bəstəkarın “Metamorphosis” (“Metamorfozlar” Şüştər) əsəri yüksək səviyyədə ifa edilib. Bu əsər Rusiyada ilk dəfə səsləndiyi üçün premyera alqışlarla qarşılanıb.

Firəngiz Əlizadənin sədri olduğu münsiflər heyətinə dirijor, “Золотаямаска” mükafatının laureatı Fyodor Lednyov, bəstəkar, Əməkdar incəsənət xadimi, Sankt-Peterburq Konservatoriyasının professoru Anatoliy Korolyov, dirijor, Rusiyanın Əməkdar artisti Arkadiq Şteynluxt və başqaları daxil idi.

Üç turdan ibarət müsabiqəyə 140 bəstəkarın əsəri təqdim olunub. Müsabiqəyə simfonik, mahnı və estrada əsərlərindən ibarət partituralar, bəzi əsərlərin isə elektron yazısı göndərilib. Birinci yerə Sankt-Peterburqdan Artur Vabel, ikinci yerə Nyu-Yorkdan çinli bəstəkar Zi Tao, üçüncü yerə isə Rusiya bəstəkarı Artyom Lauxin layiq görülüblər. Müsabiqənin diplomu isə türk bəstəkarı Ufuq Biçaka təqdim olunub.

 

Baxış sayı: 35