XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxana Belarusda keçirilən XI Beynəlxalq konqresdə iştirak edir
ÜMÜMİ XƏBƏRLƏR
25/10/2024 09:45

Oktyabrın 24-də Minsk şəhərində Belarus Respublikasının alman-faşist işğalçılarından azad edilməsinin 80 illiyinə həsr edilmiş ənənəvi “Kitabxana mədəniyyət fenomeni kimi” adlı XI Beynəlxalq konqres keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Milli Kitabxanasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova təmsil edir.

Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.

Bildirilib ki, tədbirdə Ədibə İsmayılova “Milli musiqi irsimizin rəqəmsal dövrdə təbliği” mövzusunda məruzə və təqdimatla çıxış edib. O, dərin köklərə malik Azərbaycan musiqisinin çoxəsrlik inkişaf yolu, Milli Kitabxananın arxiv fondunda mühafizə olunan milli musiqimizin qiymətli inciləri, unikal “Səsyazıları Fondu“, Azərbaycan bəstəkarlarının əlyazmalarının “Qızıl Fondu”, həmçinin milli musiqi irsimizin mühafizəsi və rəqəmsal dövrdə təbliği istiqamətində keçirilən layihələrdən söz açıb.

Belarus Respublikasının Mədəniyyət Nazirliyi və Belarus Milli Kitabxanasının təşkilatçılığı, Belarus Kitabxana Assosiasiyası və Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə reallaşan konqresdə milli, dövlət və digər aparıcı kitabxanaların rəhbərləri və nümayəndələri, həmçinin Belarusun kitabxana, nəşriyyat, arxiv və muzeylərinin, tədris müəssisələrinin, elmi-tədqiqat idarələrinin əməkdaşları iştirak edirlər.

Baxış sayı: 52