XƏBƏRLƏR
MƏLUMAT
Almaniya və Norveç musiqiçiləri 19-cu Bakı Caz Festivalında iştirak ediblər
ÜMÜMİ XƏBƏRLƏR
23/10/2024 14:27

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində 19-cu Bakı Caz Festivalı çərçivəsində “Simin Tander Trio” caz triosu (Simin Tander (vokal), Olav Torget (gitara), Jonas Torget (truba) çıxış edib. Mərkəzin foyesində Cəmilə Hacı-Səmədzadənin “İpək üzərində caz” quramasından ibarət sərgi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, əcnəbi musiqiçilər ilk dəfə çıxış etdikləri qeyri-adi konsert proqramı hazırlayıblar. Müxtəlif dövrlərin bəstələri caz üslubunda təqdim olunub və bir neçə dildə səsləndirilib. Tədbir çoxlu sayda qonaq cəlb edib və onlar konsertdən əvvəl “İpək üzərində caz” sərgisini ziyarət ediblər.

Rəssam Cəmilə Hacı-Səmədzadə AZƏRTAC-ın müxbiri ilə söhbətində heyrətamiz əsərinin yaranma prosesindən danışıb: “Mən bu işə çoxdan başlamışam, bir neçə aydır ki, xüsusi olaraq caz festivalı üçün eksponatlar hazırlamışam. Musiqini çox sevirəm. Caz həmişə yaradıcı peşə sahiblərini ruhlandırır. Ümid edirəm ki, caz həvəskarları bu sərgini yüksək qiymətləndirəcəklər. Panelimdə caz triosunu təsvir etmək qərarına gəldim. Caz təkcə musiqi deyil, həm də azadlıq sevgisidir. Material qismində ipəyi seçməyim əbəs yerə deyildi. Caz bizim bəşəri musiqi ruhumuzun cərəyanıdır. İpək də axır. Onlar birlikdə çox ahəngdar görünür!”.

Simin Tander “ECM Records”da albomları yazılan əfqanəsilli alman vokalistidir. Simin Avropa cazında yeni səsi təmsil edir və alman cazının yüksələn ulduzu hesab olunur. Vokalçı atasının dilində olan puştu (Şərqi İran dillərindən biri) dilində də əsərlər ifa edir.

Alman sənətçi 19-cu Bakı Caz Festivalında iştirakla bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüb:

“Bu, mənim Azərbaycana ikinci səfərimdir. İlk dəfə iki il yarım bundan əvvəl Rain Sultanovun dəvəti ilə burada çıxış etmişəm. Buraya yenidən qayıtdığım üçün çox şadam. Bakını çox bəyənirəm, bura xüsusi yerdir: şəhər çox gözəldir, çoxlu mədəniyyətlər və belə mehriban insanlar var. Mən ilk dəfədir ki, Bakı Caz Festivalında iştirak edirəm. Dəvətə görə Rain Sultanova çox minnətdaram. Bu, gözəl festivaldır, çox yaxşı ab-hava, əla komanda və mükəmməl təşkilatçılıq var. Sonuncu səfərimdə müasir Azərbaycan musiqisini dinlədim. Avropada da ənənəvi Azərbaycan musiqisini dinləyirdim. Azərbaycanlılar əla musiqiçilərdir. Çox gözəldir ki, belə zəngin mədəniyyətə və yaxşı qorunan ənənələrə malik bir ölkədə müasir musiqinin təqdim olunduğu Bakı Caz Festivalı kimi festivallar keçirilir”.

Konsertin sonunda vokalist Azərbaycan dilində “Ay Laçın” mahnısını ifa edib.

Oktyabrın 17-dən 27-dək paytaxtda 19-cu Bakı Caz Festivalı keçirilir. On bir ölkədən olan ifaçılar şəhərin müxtəlif konsert məkanlarında çıxış edirlər. Festival proqramına, həmçinin sərgilər, təqdimatlar və dünya caz ulduzları ilə görüşlər daxildir.

Baxış sayı: 27