XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan II TÜRKSOY Teatr Festivalında təmsil olunur
ÜMÜMİ XƏBƏRLƏR
18/10/2024 17:11

Oktyabrın 18-də Aşqabadda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin II Beynəlxalq Teatr Festivalının təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC Türkmənistan mətbuatına istinadla xəbər verir ki, festival altı türk dövlətindən - Azərbaycan, Türkmənistan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan olan teatr və incəsənət xadimlərini birləşdirəcək.

Tədbir bu il qədim türkmən şəhəri Anaunun Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinə, eləcə də görkəmli şair və mütəfəkkir Məhtimqulu Fəraqinin 300 illik yubileyinə həsr olunub.

II Teatr Festivalının keçirilməsi mədəniyyətlərin zənginləşməsi, ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyır, çünki teatr vətənpərvərlik, estetik və mənəvi tərbiyə kimi mühüm funksiyaları yerinə yetirir, beynəlxalq mədəniyyət dialoqunun inkişafına töhfə verir.

Türk dünyası teatr xadimlərinin görüşü həm də təcrübə mübadiləsini nəzərdə tutur, eyni zamanda, gənc teatr sənətçilərinin ifaçılıq məharətinin və səhnə mədəniyyətinin yüksəldilməsi məqsədi daşıyır.

Mədəniyyət proqramı çərçivəsində iştirakçılar Məhtimqulu Fəraqi Mədəniyyət-Park Kompleksinə baş çəkəcəklər. Oktyabrın 19-da türk dövlətlərindən olan artistlər türkmən həmkarları ilə təcrübə mübadiləsi aparacaq, həmçinin ustad dərslərinin keçirilməsi planlaşdırılır. Yaradıcı görüşün kulminasiya nöqtəsi Anau mədəniyyətinə və tarixi abidələrə həsr olunmuş TÜRKSOY biennalesi olacaq. Onun açılışı oktyabrın 20-də Türkmənistan Təsviri İncəsənət Muzeyində keçiriləcək.

Baxış sayı: 20