XƏBƏRLƏR
MƏLUMAT
Bu gün görkəmli Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin anadan olmasının 142 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
24/10/2024 09:24

Hüseyn Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvanda anadan olub. O, görkəmli maarifpərvər ziyalı və pedaqoq Məhəmmədtağı Sidqinin “Tərbiyə” məktəbində, daha sonra isə regionun pedaqoji mərkəzlərindən sayılan Təbrizin “Talibiyyə” mədrəsəsində təhsil alıb. İlk şeirlərini də məhz həmin dövrdə qələmə alıb. 1906-1908-ci illər arasında Türkiyədə İstanbul Universitetinin Ədəbiyyat bölümünün müdavimi olan Hüseyn Rasizadə “Vərəmli qız” adlı poetik əsəri ilə İstanbulda keçirilən şeir müsabiqəsində iştirak edib və mükafata layiq görülüb. 1909-cu ildə “Cavid” ədəbi təxəllüsünü seçib və bundan sonra özü və onun ailəsi bu soyadla tanınıb. O, 1910-cu ildə Azərbaycana qayıdıb və pedaqoji fəaliyyətlə məşğul olub. “Yaşıl qələm” dərnəyinin ümumi iclasında cəmiyyətin nizamnaməsini hazırlayan komissiyanın, “Tənqid-təbliğ” teatrının repertuar komissiyasının, Azərbaycan yazıçı, ədib və şairlərinin təşkilat komissiyasının, “Azərbaycan ədib və şairlər dərnəyi”nin idarə heyətinin üzvü kimi fəaliyyət göstərib.

Dahi sənətkarın zəngin irsinə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. Hüseyn Cavid 1941-ci ildə vəfat edib.

Baxış sayı: 180