XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Almatıda keçiriləcək beynəlxalq festivalda təmsil olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
21/10/2024 09:24

Oktyabrın 21-dən 24-dək II Almatı Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək.

AZƏRTAC Almatı şəhərinin akimliyinə istinadla xəbər verir ki, bu il festivalda Azərbaycan, Çin, Polşa, Çexiya, Bolqarıstan, Gürcüstan, Türkiyə, Özbəkistan, Rusiya və Qazaxıstanın ən yaxşı kukla teatrı kollektivləri iştirak edəcəklər.

Qazaxıstan Dövlət Kukla Teatrı tərəfindən Almatı şəhəri akimliyinin dəstəyi ilə keçirilən festivalın təşkilatçılarının məqsədi tamaşaçıları müasir kukla tamaşaları ilə tanış etmək, beynəlxalq yaradıcılıq əlaqələrini gücləndirmək və teatr sahəsində yaradıcı ideyaları dəstəkləyəcək platforma yaratmaqdır.

II Almatı Beynəlxalq Kukla Teatrları Festivalı şəhərin mədəni həyatında parlaq hadisə, kukla sənəti ustaları arasında təcrübə və fikir mübadiləsi üçün mühüm platforma olacaq.

Festival çərçivəsində qeyri-adi kukla personajları ilə müxtəlif ab-havada tamaşaların nümayişi ilə yanaşı, maarifləndirici yaradıcılıq görüşləri və ustad dərsləri də keçiriləcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Baxış sayı: 23