XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasının 92 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
21/10/2024 09:17

Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyanda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində təhsil alıb. Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, həmçinin Azərbaycan Yazıçılar Birliyində keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirak etmək Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir edib. Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlayıb. O, 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan – Özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona Əməkdar incəsənət xadimi fəxri adı verilib.

Xəlil Rza Ulutürk “Türk milləti mükafatı laureatı”, Azərbaycan Respublikasının Xalq şairi fəxri adlarına layiq görülüb. Şairin mücadilə ruhlu ən yaxşı poetik örnəklərinə nümunə olaraq “Səlahiyyət istəyirəm!”, “Silahlan!”, “Hara qaçırsan, dayan!”, “Qorxaqlıq, cəsurluq” və bu kimi bir çox başqa şeirlərin adlarını qeyd etmək olar. O, 1994-cü ildə vəfat edib. Xalq şairi Xəlil Rza Ulutürk vəfatından sonra “İstiqlal” ordeni ilə təltif edilib.

Baxış sayı: 26