XƏBƏRLƏR
MƏLUMAT
Kopenhagendə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2024 12:21

Danimarkanın paytaxtı Kopenhagendəki tarixi “Odd Fellow Palæet” sarayında 28 May -Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının İsveç, Danimarka, Norveç və Finlandiyadakı səfirliyi tərəfindən təşkil edilmiş tədbir çərçivəsində Əməkdar artisti Emil Əfrasiyabın rəhbərliyi altında fəaliyyət göstərən, Əməkdar artist İsgəndər Ələsgərov və Elvin Nəbiyevin daxil olduğu caz triosunun konserti və diplomatik qəbul keçirilib.

Tədbirin açılışında çıxış edən səfir Zaur Əhmədov Azərbaycanın keçdiyi inkişaf yolu, həyata keçirdiyi fəal xarici siyasət, Danimarka ilə ikitərəfli əlaqələrin inkişafı, eləcə də bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29 haqqında söz açıb.

Danirmarka Xarici İşlər Nazirliyinin Avropa Qonşuluğu üzrə direktoru Henrik Vinter Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.

İstedadlı pianoçu Emil Əfrasiyab əsrarəngiz musiqi əsərlərini təqdim edib. Caz triosunun çıxışı tamaşaçılar tərəfindən dərin rəğbət və alqışlarla qarşılanıb.

Daha sonra diplomatik qəbul keçirilib.

Tədbirdə Danimarkanın dövlət qurumları və ictimaiyyətinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, eləcə də Azərbaycan və türk diasporunun üzvləri iştirak ediblər.

Baxış sayı: 105