XƏBƏRLƏR
MƏLUMAT
Ekranda və səhnədə tragikomik qadın obrazlarının mahir ifaçısı - Əməkdar artist Kübra Dadaşova
ÜMÜMİ XƏBƏRLƏR
31/08/2021 01:13

Kübra Dadaşova 31 avqust 1957-ci ildə Bakıda aktyor Məmmədağa Dadaşovun ailəsində anadan olub. 1985-ci ildə AzərbaycanDövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində təhsil alıb. Yaradıcılıq fəaliyyətinə tələbə ikən - 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayıb. Aktyor evinin nəzdində Eksperimental Teatrda, Tədris Teatrında işləyib. Ömrünün son günlərinə qədər Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

Aktrisa teatr səhnəsində Cicixanım ("Qonşu qonşu olsa, kor qız ərə gedər", Rəşid bəy Əfəndiyev), Bibi ("Ruhlar qapını döyür", Rauf İçərişəhərli), Mənzərə ("Pul dəlisi", Əhməd Orucoğlu), Nazlı("O da mənəm, bu da", Dadaş Mehdi), Küpəgirən ("Mağara", Aygün Həsənoğlu), Mürəbbiyə ("Danışan gəlincik", Abdulla Şaiq), Xeyransa ("Nəsrəddin", Yusif Əzimzadə), Gövhər ("Məhəbbət bir bəladır", Əhməd Orucoğlu), Qulməmməd ("Cənnətin üç alması", Nicat Kazımov), Qəmərbanu ("Mahmud və Məryəm", Elçin), Rəhilə("Ah, qadınlar, qadınlar", Marat Haqverdiyev), Ziba xala ("Ağ dəvə", Elçin), Ana ("Ələddinin sehrli çırağı", Ərəb xalq nağılı), Ana ("İncəbel qarı" R.Tohidoğlu), Ögey ana ("Göyçək Fatma",Azərbaycan xalq nağılları), Zümrüd ("Mən səni sevirəm" Ə.Əmirli), Zübeydə ("Buzovna kəndinin əhvalatları", Elçin) kimi müxtəlif rollar ifa edib. 

Kübra Dadaşova kinoda və televiziyada da çoxsaylı obrazlar canlandırıb. Onlara misal olaraq, “Adı sənin, dadı mənim”də (1980) Totux, “Pirverdinin xoruzu”nda (1987) Pərinisə, “Yaramaz”da (1988)qonaqlıqdakı qadın, “Yaşa, qızıl balıq”da (1988) sərnişin, “Gecə qatarında qətl”də (1990)ağıldankəm qız, “Zirzəmi”də (1990) mağazada alıcı, “Qəzəlxan”da (1991) aktrisa, “Olum, ya ölüm və ya hər şeyə rəğmən”də (1994)aktrisa, “Ömürdən uzun gecə” (1996)Səlbi, “Adam”da (1996-2010) tibb bacısı, “Spasibo”da (1998) Nicatın anası, “Nə gözəldir bu dünya...” (1999) tammetrajlı bədii filmində məhəllə sakini, “Bağdada putyovka var...” (2000) tammetrajlı film-tamaşada Məsmə, “Yuxu”da (2001) bağçada işləyən Gülgəz, “Yumurta” (2003) tammetrajlı film-tamaşasında Sona, “Yanmış körpülər” (2003-2007) bədii serialında məhəllə sakini, “Yalan”da (2006) sərnişin, “Cavid ömrü”ndə (2007) qonşu, “Ölüm növbəsi”ndə (2009) Nisə, “Ağ-qara gecələr”də (2013) aktrisa  və s. yaratdığı irili-xırdalı obrazlar diapazonu və janr müxtəlifliyi, peşəkar ifası ilə fərqlənir.

Aktrisa həmçinin xarici film istehsalçılarının “Yaz ərəfəsi” (2001, rejissor Filip Bayon / Polşa, Fransa) və “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) filmlərində çəkilib.

O, aktrisa Təhminə Məmmədovanın anasıdır.

O, 16 may 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.

Kübra Dadaşova 2017-ci ildə vəfat edib.

Baxış sayı: 198