XƏBƏRLƏR
MƏLUMAT
Bu gün SSRİ Xalq artisti Mehdi Məmmədovun anadan olmasının 106 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2024 11:38

Mehdi Məmmədov 1918-ci il mayın 22-də Şuşada anadan olub. Sənətkarın ailəsi 1922-ci ildə Bakıya köçüb. O, 1931-ci ildə Teatr Texnikumuna daxil olmaq istəsə də, çəlimsizliyini səbəb gətirib onu qəbul etmirlər. Elə həmin il səhnə eşqiylə yanan gənc Mehdi Məmmədov İşçi Teatrının yardımçı heyətinə qəbul edilir. Bundan sonra o, Teatr Texnikumuna daxil olur. 1935-ci ildə isə təhsilini davam etdirmək üçün Moskvaya gedərək Teatr Sənəti İnstitutunda oxuyur.

1940-cı ildə Akademik Milli Dram Teatrına rejissor, 1942-ci ildə bədii rəhbər, 1956-cı ildə Opera və Balet Teatrına baş rejissor, 1960-cı ildə yenidən Akademik Milli Dram Teatrına baş rejissor təyin edilib. 1963-cü ildə elmi işi ilə bağlı teatrdan uzaqlaşıb. 1974-1978-ci illərdə Opera və Balet Teatrının, 1978-1982-ci illərdə S.Vurğun adına Rus Dram Teatrının baş rejissoru vəzifələrində çalışıb.

Mehdi Məmmədov Milli Dram Teatrının baş rejissoru olduğu 10 il ərzində 12 səhnə əsərinə quruluş verib. Onun səhnələşdirdiyi “On ikinci gecə”, “Madrid”, “Od gəlini”, “Oqtay Eloğlu”, “Şeyx Sənan”, “İblis”, “Hamlet”, “Xəyyam”, “Müfəttiş”, “Canlı meyit”, “Romeo və Cülyetta”, “Dəli yığıncağı” və digər tamaşaların hər biri Azərbaycan teatr tarixində hadisəyə çevrilib.

Müsahibələrinin birində Mehdi Məmmədov etiraf edib ki, quruluş verdiyi səhnə əsərləri arasında dünya səhnəsinə çıxarmağa ən çox layiq bildiyi məhz “Dəli yığıncağı”dır.

Onun Opera və Balet Teatrının səhnəsində quruluş verdiyi “Toska”, “Lakme”, “Sevil”, “Koroğlu”, ilk dəfə romantik və modernist üslubun vəhdətində ərsəyə gətirdiyi “Leyli və Məcnun” musiqili dramı, Rus Dram Teatrında hazırladığı “Həyatın dibində”, “Ümidlərim” tamaşaları rejissorun təxəyyülünün genişliyindən, ən əsası isə, bu genişliyi sərrast sərf etmək istedadından xəbər verir.

Mehdi Məmmədov ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub. M.Əliyev adına İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) çalışmaqla yanaşı, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) etika və estetikadan dərs deyib.

Mehdi Məmmədovun Hökümə Qurbanovaya həsr etdiyi “Onun sənət ulduzu” araşdırma və müşahidələr toplusu aktyorluq sənəti və aktyor şəxsiyyəti haqqında ən yaxşı kitablardan biridir. Rejissorun “Azərbaycan dramaturgiyasının estetik problemləri” adlı doktorluq dissertasiyası sənətşünaslıq elmində ən dəyərli tədqiqatlardandır.

Teatr tariximizə adını əbədi həkk etmiş böyük sənətkar Mehdi Məmmədov 1985-ci il yanvarın 28-də dünyasını dəyişib.

Baxış sayı: 139