XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
01/10/2020 01:58

Bəhram Məcid oğlu Osmanov 1962-ci il oktyabrın 1-də Gəncə şəhərində anadan olub. 1985-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib.

1987-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluşçu rejissor kimi çalışan B.Osmanov T.Uilyamsın "Şüşə heyvanxana", B.Vahabzadənin "Hara gedir bu dünya?", "Cəzasız günah", Y.O’Nilin "Qarağaclar altında məhəbbət", V.Babanlının "Ana intiqamı", Ə.Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular", "Köhnə ev", "Varlı qadın", "Mesenat", C.Cabbarlının "Ədirnə fəthi", U.Şekspirin "Kral Lir", Sofoklun "Şah Edip", N.Həsənzadənin "Pompeyin Qafqaza yürüşü", R.Novruzovun "Hələ "sevirəm" deməmişdilər", H.İbsenin "Oyuncaq ev" tamaşalarına maraqlı səhnə həlli verib.

İstedadlı rejissor B.Osmanov Füzuli Dövlət Dram Teatrında "Diribaş adamlar" (V.Şukşin), Gəncə Dövlət Dram Tetrında "At ilinin birinci ayı" (R.Novruzov), Lənkəran Dövlət Dram Teatrında "Yudif" (A.Tammsaars), "Günahsız müqəssirlər" (A.Ostrovski) və başqa tamaşalara quruluş verib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Cəza" (Ə.Əmirli), Azərbaycan televiziyasında "6 saylı palata" (A.Çexov), "Bəyaz gecələr" (F.Dostoyevski), "Yurd yeri" (E.Mehrəliyev), "Qu quşunun məhəbbəti" (Şahin) tamaşalarının quruluşçu rejissoru olan Bəhram Osmanov 2012-ci ildən bu teatrın baş rejissoru vəzifəsində çalışır.

Bəhram Osmanov öz dəst-xətti ilə seçilən, kəskin və təzadlı quruluşları ilə fərqlənən və işlədiyi əsərlərdə milli keyfiyyətlərin qabardılmasına, mənəvi dəyərlərin yaşadılmasına üstünlük verən rejissorlarımızdandır və bu məqamlar onun yaradıcılığının ana xəttini təşkil edir.

Əməkdar incəsənət xadimi Bəhram Osmanov ölkəmizin hüdudlarından kənarda, xüsusən Kalmıkiya və Dağıstanda teatrlarla sıx əməkdaşlıq edir. Bir çox beynəlxalq festival və forumların, müsabiqələrin həm iştirakçı, həm də münsifi kimi ölkəmizi layiqincə təmsil edir.

Rejissorun yaradıcılığı daim diqqət mərkəzindədir və layiqincə dəyərləndirilir. 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 9 may 2012-ci, 30 aprel 2014-cü, 6 may 2015-ci, 6 may 2016-cı, 1 may 2017-ci, 9 may 2018-ci, 10 may 2019-cu və 7 may 2020-ci illərdə Prezident Mükafatına layiq görülüb.

Baxış sayı: 353