XƏBƏRLƏR
MƏLUMAT
“Bir millət, iki dövlət: Azərbaycan - Türkiyə”
ÜMÜMİ XƏBƏRLƏR
29/10/2020 08:39

Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümüdür. Vətənimiz üçün ağır dönəmdə hər zaman yanımızda olan, ortaq dil, əqidə, mədəniyyətə malik, Şərqlə Qərbi bir araya gətirib, dünya mədəniyyətinə və bəşəriyyətə mühüm töhfələr verən qardaş dövlətlə əlaqələrimizi necə ifadə etmək olar?

Bu yerdə Azərbaycanın Xalq şairi, düşünən və düşündürən mütəfəkkir Bəxtiyar Vahabzadənin “Azərbaycan – Türkiyə” şeiri yada düşür:

Bir millətik, iki dövlət

Eyni arzu, eyni niyyət

Hər ikisi Cümhuriyyət

Azərbaycan-Türkiyə.

Bir ananın iki oğlu

Bir ağacın iki qolu

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə.

Ana yurdda yuva qurdum

Ata yurda könül verdim

Ana yurdum, ata yurdum

Azərbaycan-Türkiyə.

Birdir bizim hər halımız

Diləyimiz, amalımız

Bayraqlarda hilalımız

Azərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz bir

Ayımız bir,ilimiz bir

Eşqimiz bir, yolumuz bir

Azərbaycan-Türkiyə.

Birimiz müstəqil, digərimiz isə uzun illər Sovet İttifaqının tərkibində olsaq da, dərin tarixi kökləri olan əlaqələrimiz içimizdə yuva qurub, bəzən təzahür edib, bəzən də gizlində qalıb. Lakin ilk imkanda birliyimiz hər zaman nümunə olub. Təsadüfi deyil ki, Azərbaycanın bir çox dünya şöhrətli sənətkarları hələ Sovet imperiyasının Türkiyəyə qarşı radikal yanaşdığı dövrlərdə qardaş ölkə ilə mədəni-kulturoloji əlaqələr yaratmaqdan çəkinməyiblər. Xüsusilə maestro Niyazi, Arif Məlikov, Zeynəb Xanlarova, Lütfiyar İmanov və başqaları daim Azərbaycan incəsənətini Türkiyə ictimaiyyətinə təqdim edə biliblər. Görkəmli sənətkarımız, dünya şöhrətli maestro Niyazi Ankara Dövlət Opera və Balet Teatrında P.İ.Çaykovskinin “Yevgeni Onegin” operasını tamaşaya qoyub. Həmin operada German rolunu Lütfiyar Imanov ifa edib. Sonrakı illərdə Niyazi Türkiyədə P.İ.Çaykovskinin “Qu gölü” baletini, C. Verdinin “Aida” operasını da tamaşaçılara təqdim edib və onun sənəti ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib.

Xalq artisti Zeynəb Xanlarovanın Türkiyəyə qastrol səfərləri Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə onun mahnı janrının ecazkar gücə malik olduğunu nümayiş etdirib. 1970-ci ildə Türkiyə Prezidenti Cövdət Sunay görkəmli müğənnimizi xüsusi diplomla təltif edib. 1977-ci ildə isə Zeynəb Xanlarova Leyla Vəkilovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs ansamblı ilə birlikdə Türkiyənin Istanbul, Ankara və İzmir şəhərlərində çox uğurlu çıxışlar edib. Bu səfərlər türk mətbuatında yüksək qiymətləndirilib.

Hələ sovet dövründə Azərbaycanda Yaşar Kamal, Orxan Kamal, Rəşad Nuri Güntəkin, Nazim Hikmət, Əziz Nesin kimi türk yazarlarının əsərləri populyar olub və dəfələrlə nəşr edilib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, mədəni münasibətlərdə də böyük dirçəliş baş verib.

2 noyabr 1994-cü ildə Türkiyə Böyük Millət Məclisində dahi Azərbaycan şairi Məhəmməd Füzulini anma mərasimində Azərbaycan Prezidenti Heydər Əliyev çıxış edib. Eyni zamanda Azərbaycan Prezidenti Bilkən Universitetində Füzulinin 500 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edib.

Teatr və kino sahəsində də mədəni mübadilələr getdikcə daha geniş vüsət alır. Qardaş ölkələrin dramaturqları və sənətkarları bir-birindən maraqlı layihələr həyata keçirirlər. Bu layihələr təhsil ocaqlarında müəllim və tələbə mübadiləsi müstəvisində də geniş vüsət almaqdadır.

9 mart 2001-ci ildə Azərbaycanın Prezidenti Heydər Əliyevin Azərbaycan Atatürk Mərkəzinin açılması barədə fərman verməsi və lazımi çalışmaların qısa muddətdə tamamlanması tapşırığını verməsi, 2001-ci il martın 12-də Ankara şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Türkiyə Cümhuriyyətinin Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq protokolunun təsdiqi haqqında sərəncamı bu əlaqələrin inkişafına mühüm zəmin yaradıb.

2007-ci il martın 9-da Heydər Əliyev Sarayında Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumunun açılışında  Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iştirakı 48 ölkədən ümumilikdə 513 nəfər nümayəndəyə türk dünyasının birlik və qardaşlığını əks etdirən örnək olub.

Azərbaycan BMT, UNESCO, İKT, NATO, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Birliyi kimi təşkilatlar çərçivəsində də Türkiyə ilə faydalı əməkdaşlıq edir. Bu əlaqələr Ermənistanın Azərbaycana qarşı təcavüzünün, dinc sakinlərə və mədəni irsimizə yönəlmiş vandalizm aktlarının, ümumilikdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirib: “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanıb. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır.”

Baxış sayı: 7666