XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın ən yaxşı dizaynerləri bəlli olacaq!
ÜMÜMİ XƏBƏRLƏR
12/02/2020 01:35

“Azerbaijan Design Award” ölkənin ən yaxşı dizaynerlərini seçəcək. Belə ki, 2-ci mövsüm təşkil olunan “Azerbaijan Design Award”, layihələrin qəbuluna start verib. Layihənin təsisçi və təşkilatçıları gənc dizaynerlər Rəhim İsmayılov (müəllif, həmtəsisçi) və Ramin Nəsirovdur (həmtəsisçi).

AZƏRTAC xəbər verir ki, on dizayn kateqoriyasından olan yaradıcı insanları bir araya toplayan yeganə layihəyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də dəstək verir.

Layihənin rəsmi tərəfdaşı, həmçinin Kreativ Azərbaycan portalıdır (www.creative.az).

Yaradıcı şəxslər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn səviyyəsinin yüksəldilməsi və istedadlı şəxsləri üzə çıxarmaq məqsədilə həyata keçirilir. Dizaynın keyfiyyətini yüksəltməklə dünya səviyyəsində dizaynerlərlə ayaqlaşmaq üçün mühit yaratmaq istəyən təşkilatçılar, buna görə dünyanın dörd bir yanından münsiflər cəlb edib.

On səkkiz münsifin olduğu layihədə Azərbaycanla yanaşı Kanada, Rusiya, İtaliya, Cənubi Koreya, Polşa, Türkiyə və İrandan olan münsiflər yer alır. Dünyaca məşhur peşəkarlardan ibarət münsiflər heyəti bütün layihələri onlayn şəkildə anonim olaraq dəyərləndirəcək.

Dizaynerlər rəsmi sayt üzərindən 10 kateqoriya üzrə layihələrini təqdim edə bilərlər: brendinq, qablaşdırma dizaynı, illüstrasiya, veb-dizayn, sənaye dizaynı, tətbiqetmə (app) dizaynı, interyer dizaynı, eksteryer dizaynı, çap dizaynı, outdoor dizaynı.

“Azerbaijan Design Award” layihəsinin qalibləri mart ayında keçiriləcək möhtəşəm final gecəsində 400 nəfərdən artıq dəvətlinin qarşısında elan olunacaq. Finalçılar “Azerbaijan Design Award” və Mədəniyyət Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Qaliblərə isə əsas mükafat “Azerbaijan Design Award” kuboku, diplom və hədiyyələr təqdim olunacaq.

Baxış sayı: 4577