XƏBƏRLƏR
MƏLUMAT
Milli Kitabxanada “Xalq yazıçısı Sabir Əhmədli - 95” adlı sərgi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
10/07/2025 15:55

Milli Kitabxanada Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Xalq yazıçısı Sabir Əhmədlinin 95 illiyi münasibətilə kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Xalq yazıçısı Sabir Əhmədli - 95” adlı sərgidə yazıçının hekayələri, povestləri, romanları, seçilmiş əsərləri, həyatı haqqında ədəbiyyatlar, yaradıcılığı əsasında tədqiq və təhlil edilmiş əsərlər, dərs vəsaiti, avtoreferatlar nümayiş olunub.

Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan Xalq yazıçısı 1930-cu il iyulun 10-da Cəbrayıl rayonunda dünyaya gəlib. 1946-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Ədəbi fəaliyyətə 1951-ci ildə "Pioner" jurnalında çap olunmuş "Poçtalyon" hekayəsi ilə başlayıb. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib.

"Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. Sonralar "Aran" ikihissəli roman (1962), "Pillələr" (1964), "Görünməz dalğa" (1966), "Yamacda nişanə" (1973), "Toğana" (1981), "Yasamal gölündə qayıqlar üzürdü" (1984), "Mavi günbəz" povestlər (1984), "Dünyanın arşını" (1985), "Gedənlərin qayıtmağı" (1985), "Yanvar hekayələri" (1992), "Kütlə" (1999), “Uyuq” (2008), “Yazılmayan yazı” (2010, 2015) s. kitabları işıq üzü görüb. Əsərləri ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilib. Sabir Əhmədlinin ədəbiyyatımız qarşısındakı xidmətləri yüksək qiymətləndirilib, Xalq yazıçısı (1992), Əməkdar incəsənət xadimi (1984) fəxri adlarına layıq görülüb.

Baxış sayı: 62