XƏBƏRLƏR
MƏLUMAT
Vyanada Vaqif Mustafazadənin 85 illiyinə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/03/2025 15:47

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin 85 illiyinə həsr olunmuş etno-caz konserti təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbiri Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova açaraq Vaqif Mustafazadənin həyat və yaradıcılığına nəzər salıb. Qeyd edilib ki, muğam-caz janrının yaradıcı kimi tanınan V.Mustafazadənin Azərbaycan musiqi tarixində özünəməxsus yeri var, onun əsasını qoyduğu musiqi istiqaməti və ifa tərzi ölkəmizin hüdudlarından uzaqlarda da şöhrət tapıb və bu gün də müxtəlif musiqiçilər tərəfindən uğurla davam etdirilir. Bu gün müasir Azərbaycan caz ifaçılığının inkişafını Vaqif Mustafazadə olmadan təsəvvür etmək mümkün deyil.

Tədbirin bədii hissəsində Azərbaycan caz ifaçıları Sonai (vokal), Tural Rafael (fortepiano) və Ələfsər Rəhimov (balaban, zurna və tütək) konsert proqramı ilə çıxış ediblər. Konsertdə Vaqif Mustafazadə ilə yanaşı, digər Azərbaycan bəstəkarlarının repertuarından əsərlər, eləcə də xalq mahnıları və rəqsləri ifa edilib. Tural Rafael və Ələfsər Rəhimovun bəstələdiyi kompozisiyalar, Sonainin məlahətli səslə ifa etdiyi “Könlümün yadigarı”, “Laylalar”, “Bana, bana gəl”, “Pıçıldaşın ləpələr”, “Çiçək kimi”, “Girdim yarın bağçasına” kimi bəstəkar və xalq mahnıları böyük maraq və sürəkli alqışlarla qarşılanıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Baxış sayı: 97