XƏBƏRLƏR
MƏLUMAT
“Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihəyə başlanılıb
ÜMÜMİ XƏBƏRLƏR
05/03/2025 09:35

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihəyə başlayıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunan layihənin məqsədi gənc jurnalistlərin mədəniyyət jurnalistikasına marağını artırmaq, bu istiqamətdə fəaliyyətlərini genişləndirmək və praktiki biliklər qazandırmaqdan ibarətdir.

“Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı layihənin ilk seminarı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə martın 4-də “Trend” Beynəlxalq İnformasiya Agentliyinin Mədəniyyət şöbəsinin rəhbəri, “Tərəqqi” medalı ilə təltif edilən jurnalist Vüqar İmanovun iştirakı ilə həmin muzeydə təşkil olunub.

Seminarın açılışında MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov layihə çərçivəsində uzunmüddətli və peşəkar fəaliyyətləri ilə seçilən, həmçinin mədəniyyət jurnalistikasının inkişafına töhfə verən jurnalistlərin iştirakı ilə seminarların keçiriləcəyindən danışıb.

Vüqar İmanov sözügedən seminarda müasir texnologiyanın jurnalistika sahəsinə gətirdiyi müsbət və mənfi cəhətlərdən, milli-mənəvi dəyərlərin təbliğində jurnalistikanın əhəmiyyətindən, mədəniyyət jurnalistikasının öyrədici-maarifləndirici xüsusiyyətləri və gənc nəslin əsl peşəkar kimi formalaşmasından, eləcə də sahənin müasir inkişaf istiqamətlərindən söhbət açıb.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Vüqar İmanov Mədəniyyət Nazirliyi tərəfindən Fəxri diplomla təltif olunub.

Tədbir zamanı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Həmayə Baxışova tərəfindən musiqi əsərləri səslənib.

Rəfiqə Nəsirovanın moderatorluğu ilə baş tutan seminar fikir mübadiləsi formatında keçirilib və Vüqar İmanov auditoriyanı maraqlandıran sualları cavablandırıb.

Baxış sayı: 109