XƏBƏRLƏR
MƏLUMAT
Vyana Opera Teatrı binasının açılışından 153 il ötür
ÜMÜMİ XƏBƏRLƏR
25/05/2022 01:52

Vyana şəhərində saray operası XVIII əsrin ortalarında yaranıb, tamaşalar isə müxtəlif teatrlarda nümayiş olunurdu. 1861-ci ildə imperator I Frans İosifin arzusu ilə Vyana Operası üçün xüsusi binanın inşasına başlanılıb. Binanın layihəsinin müəllifi memar fon Zikkardsburqdur, interyerin işlənməsi isə Van der Nüllə məxsusdur.

Bu gün də Vyana Operasının yerləşdiyi teatrın binası 25 may 1869-cu ildə V.A.Motsartın "Don Juan" operası ilə açılıb. Bu bina uzun illər dünya teatr binalarının içində ən yaxşı binalardan biri hesab olunub, Vyana Dövlət Operası isə (1918-ci ilə qədər Vyana Saray Operası) Avstriyanın möhtəşəm və aparıcı opera teatrı, ölkənin musiqi mədəniyyəti mərkəzi sayılıb.

1875-1897-ci illərdə teatrın musiqili direktoru və baş dirijoru Vaqnerin əsərlərinin tanınmış nterpretasiyalarının müəllifi H.Rixter olub. Onun dövründə Vaqnerin "Nibelunqun üzüyü" tetralogiyasının quruluşu, Motsart operaları silsiləsi, Verdinin "Otello"su və s. operalar səhnələşdirilib.

Vyana Operasının tarixində mühüm mərhələ isə 1897-ci ildən başlayaraq növbəti on il ərzində ona rəhbərlik edən tanınmış bəstəkar və dirijor Qustav Malerin adı ilə bağlıdır. O, tamaşaların yüksək bədii səviyyəsini təmin etməklə yanaşı, teatrın repertuarına da xüsusi diqqət yetirərək, onu əhəmiyyətli dərəcədə genişləndirib. Onun rəhbərliyi altında Vyana Operası Avropanın ən yaxşı teatrlarından birinə çevrilib. Maler bir çox tanınmış opera ustadlarını işə cəlb edib. Məhz bu dövrdə teatrın səhnəsində ilk dəfə P.Çaykovskinin "Yevgeni Onegin", "Qaratoxmaq qadın", "İolanta" operaları da səslənib.

Bu səhnədə Motsartın "Fiqaronun toyu", Qlükun "Orfey və Evridika", Veberin "Evrianta", Flotovun "Marta", Ştrausun, Eynemin, Şnitkenin və bir çox başqa bəstəkarların ilk tamaşaları və dünya premyeraları həyata keçirilib. Vyana Operasının səhnəsində XX əsrin görkəmli ifaçı və musiqiçiləri çıxış edib.

II Dünya Müharibəsində Vyana faşistlər tərəfindən işğal ediləndə (1938-1945) teatr süquta uğrayır. 1945-ci ildə bombardman nəticəsində teatrın binası dağılıb. Müharibədən sonrakı on il ərzində tamaşalar başqa səhnələrdə nümayiş olunub. Vyana Operasının binası yalnız 1955-ci ildə bərpa edilib.

Bu gün Vyana Dövlət Operası–dünyanın aparıcı opera səhnələrindən biridir. O, bu gün də Vyana klassik məktəbinin, ilk növbədə Motsartın ən yaxşı ənənələrini qoruyub saxlayır, onun repertuarında opera irsinin böyük bir hissəsi təmsil olunub. Məşhur səhnədə mövsümün 285 günü ərzində 60-dan artıq opera və balet əsərləri nümayiş olunur–tamaşaların bu sıxlığı Vyana Operasını beynəlxalq miqyasda birinci yerə yüksəldib.

Dövlət Opera Teatrının səhnəsi və parket örtüyü ildə bir dəfə bir gecədə nəhəng Bal zalına çevrilir–burada dünyaca məşhur Vyana Opera Balı keçirilir, onun fəxri sədri isə Avstriyanın prezidenti olur, yüzdən artıq cütlük, uzun gecə geyimləri və fraklarda ilk debütünü edərək, Ballar Balını açır.

2019-cu ilin fevralın 28-də isə Azərbaycan Respublikasının Xalq artisti Yusif Eyvazov və Rusiya Federasiyasının Xalq artisti Anna Netrebko məşhur Vyana Dövlət Opera Balının açılışında iştirak edərək, Puççininin "Turandot" operasından Kalafın ariyasını və "Bohema" operasından dueti ifa ediblər. 

Baxış sayı: 260