XƏBƏRLƏR
MƏLUMAT
Akademik Zərifə Əliyevaya həsr olunmuş tədbir təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
28/04/2025 17:07

Prezident Kitabxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, tədbirdə Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova çıxış edərək Zərifə Əliyevanın oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlardan, qazandığı elmi nailiyyətlərdən və Azərbaycan səhiyyəsinin inkişafına göstərdiyi əvəzsiz xidmətlərdən söhbət açıb.

Professor qeyd edib ki, Zərifə xanım təkcə gözlərə nur bəxş etməyib, həm də səmimi münasibəti və humanist dəyərləri ilə könüllərə işıq saçaraq xalqımızın qəlbində əbədi yer tutub.

Prezident Kitabxanasının direktor müavini Kamalə Sarıcalinskaya və İncəsənət ədəbiyyatı fondu qrupunun rəhbəri Fəridə Namazova çıxışlarında görkəmli alim Zərifə Əliyevanın mənalı və şərəfli ömür yolundan, elmi və ictimai fəaliyyətində qazandığı böyük nailiyyətlərdən bəhs edib, həmçinin tədbir iştirakçılarına tanınmış şəxsiyyətlərin və Zərifə xanımın yaxınlarının onun barəsində bölüşdüyü dəyərli xatirələrdən danışıblar.

Tədbir çərçivəsində Zərifə Əliyevanın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Bununla yanaşı, Prezident Kitabxanası tərəfindən hazırlanmış “Zərifə Əliyeva” adlı virtual sərgi iştirakçılara təqdim edilib. Sərgi alimin həyat yolunu, elmi nailiyyətlərini və cəmiyyətə göstərdiyi əvəzsiz töhfələri əks etdirən kitablarla zənginləşdirilib və iştirakçılara Zərifə xanımın əvəzsiz irsini daha dərindən kəşf etməyə imkan yaradıb.

Sonda iştirakçılar Prezident Kitabxanasında təşkil olunan və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgiyə baxıblar. Sərgidə alimin elmi əsərləri, onun haqqında yazılmış kitablar yer alıb.

Baxış sayı: 24