XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə edilib
ÜMÜMİ XƏBƏRLƏR
08/07/2025 16:15

İyulun 8-də Kolumbiyanın Azərbaycandakı səfiri Luis Fernando Kuartas Ayala və Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili, konsul Andres Felipe Giraldo Lopez Milli Kitabxananın qonağı olublar.

Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan məlumat verilib.

Bildirilib ki, kitabxananın direktoru professor Kərim Tahirov qonaqlara kitabxananın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. O diqqətə çatdırıb ki, Azərbaycan Milli Kitabxanası dünyanın 60-a yaxın kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalayıb. “Kolumbiya Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum 2023-cü ildə imzalanıb. UNESCO-nun Konvensiyasına əsasən həyata keçirilən Beynəlxalq Kitab Mübadiləsi çox əhəmiyyətlidir. Kitabxana dünyanın 95-dən artıq milli və universitet kitabxanaları ilə beynəlxalq kitab mübadiləsi edir, son üç ildə Kolumbiya Milli Kitabxanasına 52 nüsxə kitab göndərilib. Səfirliyin dəstəyi ilə mövcud olan qarşılıqlı əməkdaşlıq əlaqələri genişlənəcək. Hər iki ölkənin milli kitabxanalarında “Ədəbiyyat guşə”sinin açılması mümkündür”,- deyə o əlavə edib.

Səfir Luis Fernando Kuartas Ayala kitabxanalar arasında qarşılıqlı əlaqələrin, eləcə də beynəlxalq kitab mübadiləsinin genişləndirilməsində öz dəstəyini göstərəcəyini bildirib. Səfir Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığa hər zaman hazır olduğunu söyləyib.

Daha sonra qonaqlar Milli Kitabxana ilə tanış olub.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Baxış sayı: 35