XƏBƏRLƏR
MƏLUMAT
Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə beynəlxalq elmi-praktiki konfrans keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/04/2025 09:17

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə “Dahi Üzeyir Hacıbəylinin İrsi Dünya Musiqi Mədəniyyəti Kontekstində” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.

BMA-dan AZƏRTAC-a bildirilib ki, konfransın təntənəli açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə baş tutub. Plenar iclas Ü.Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən video çarxla başlayıb.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli dahi bəstəkarın xalqımızın mədəni və siyasi həyatında misilsiz xidmətləri ilə bağlı düşüncələrini bölüşüb.

Daha sonra çıxış edənlər müxtəlif məruzələrlə dahi bəstəkarı bir daha yad ediblər. Plenar iclasda akademiyanın professor-müəllim və tələbələrinin ifasında bəstəkarın əsərlərindən ibarət musiqi nümunələri səsləndirilib.

Beynəlxalq konfransda Almaniya, Rusiya, Özbəkistan, Türkmənistan və Çin alimləri əyani və qiyabi formada iştirak ediblər. Tədbirə onlayn və əyani formada qoşulan Naxçıvan və Gəncədən olan alim-tədqiqatçıların çıxışları xüsusi maraqla qarşılanıb.

Beynəlxalq konfrans maraqlı çıxışlar, canlı ifalar, videoçarxlar və müzakirələrlə işini başa vurub.

Baxış sayı: 23