XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan incəsənət ustaları III Fuceyra Beynəlxalq Ud Forumunda iştirak edəcəklər
ÜMÜMİ XƏBƏRLƏR
28/04/2025 11:01

Mayın 5-dən 7-dək Birləşmiş Ərəb Əmirlikləri Fuceyra Gözəl Sənətlər Akademiyası “Bir ud, çoxlu mədəniyyətlər” adlı III Fuceyra Beynəlxalq Ud Forumu keçirəcək. Forumda Azərbaycanı Beynəlxalq Muğam Mərkəzinin solisti, tarzən Rəşad İbrahimovun rəhbərliyi ilə musiqi qrupu təmsil edəcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, musiqi qrupunun heyətinə Əməkdar artist Çinarə Heydərova (qanun), Təbruz Yusubov (kamança), Nisbət Sədrayeva (xanəndə), İdris Hüseynov (ud), Vüsal Bayramov (nağara) və Rafael Əsgərov ( balaban) daxildir.

Fuceyra Mədəniyyət və Yaradıcılıq Mərkəzində keçiriləcək forumda Mərakeş Krallığından olan xüsusi qonaqlardan əlavə, Özbəkistan, Azərbaycan, Türkiyə, İran, Misir, Suriya, Oman, İraq və İspaniya da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən ud və milli musiqi alətləri ifaçıları iştirak edəcək. Tədbirin açılış mərasimində müxtəlif millətlərdən olan 50 musiqiçidən ibarət orkestr hind, özbək, Azərbaycan və türk üslubları ilə yanaşı, ispan flamenkosu, rok musiqisi və ərəb şərq musiqisi kimi müxtəlif musiqi üslublarını birləşdirən musiqi proqramını ilə çıxış edəcək.

Forumun ikinci və üçüncü günlərində solo və qrup çıxışlar dinləniləcək. Fuceyra Gözəl Sənətlər Akademiyasının baş meneceri Əli Obaid Əl Hefaiti bildirib ki, forum akademiyanın musiqi vasitəsilə xalqlar arasında mədəni dialoqun təşviqinə sadiqliyini əks etdirir. Əl Hefeiti əlavə edib ki, tədbirin məqsədi Fuceyra Əmirliyinin beynəlxalq səhnədə bədii varlığını artırmaqla mədəni müxtəlifliyin simvolu və sivilizasiyalar arasında ünsiyyət körpüsü kimi ud alətinin vurğulanmasıdır. Fuceyrə Beynəlxalq Ud Forumu yerli və beynəlxalq incəsənət səhnəsinin zənginləşdirilməsinə töhfə verən oyun, sənətkarlıq və mədəni mübadiləni birləşdirən unikal platformadır.

Baxış sayı: 17