XƏBƏRLƏR
MƏLUMAT
Tbilisidə azərbaycanlı rəssamın sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
04/03/2025 09:20

Martın 3-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzində gənc azərbaycanlı rəssam Könül Bayramovanın sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, “Sərhədsiz sevgi” adlanan sərgi Gürcüstanda hər il qeyd olunan Analar Gününə həsr olunub.

Tədbirin məqsədi anaların, ana təbiətinin və Azərbaycan qadınının ana sevgisini, bu sevginin təzahürlərini incəsənət əsərləri vasitəsilə nümayiş etdirməkdir. Böyük maraqla qarşılanan sərginin ziyarətçiləri rəssamın əl işlərinin emosional dərinliyini hiss ediblər.

Könül Bayramova AZƏRTAC-a müsahibəsində deyib ki, çəkdiyi rəsmlərdə insanlarda və heyvanlarda olan ana sevgisinin, ana təbiətlə bağlılığını insanlara çatdırmaq istəyib. Onun sözlərinə görə, bütün canlılara məxsus olan sevgi təbiətdən gəlir. Ona görə də bu sevgi heç bir zaman tükənmir. Rəssam və heykəltaraşlar, musiqiçilər və digər incəsənət ustaları da məhz bu sevgidən faydalanırlar.

Mərkəzin direktor müavini Leyla Əliyeva isə deyib ki, bu tədbirin məqsədi Azərbaycanın mədəniyyətini və incəsənətini Gürcüstanda tanıtmaqdır.

Sərgi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

Baxış sayı: 141