XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzində “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” adlı maarifləndirmə xarakterli tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/03/2022 02:21

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi 2022-ci il üçün mülki müdafiə üzrə tədbirlər planına əsasən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Təbii fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi” mövzusunda “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” adlı maarifləndirmə xarakterli tədbir keçirilib.

Açıq dərs formatında keçirilən tədbirdə Suraxanı RiH başçısının aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Suraxanı rayon 208 nömrəli tam orta məktəbin Hərbi rəhbəri Elməddin Həsənov, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin kollektivi, Suraxanı rayonunda fəaliyyət göstərən məktəblərin şagird və müəllimləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə acıq elan olunub.

Daha sonra suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin direktor əvəzi Firəngiz Məlikbəyli Beynəlxalq Mülki Müdafiə təşkilatının yaranması, mülkü müdafiənin məqsədi və maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş məclisin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilib. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olub. Marifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd əhalinin, işçilərin, şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə etmək, bir sözlə, qaydaları nəzəri və əməli cəhətdən öyrətmək olduğunu qeyd edib.

Suraxanı RiH başçısının şöbəsinin müdiri Elmar Hüseynov Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu günün qeyd edilməsində başlıca məqsəd ictimaiyyətin diqqətinin mülki müdafiə işinin təşkili məsələlərinə cəlb edilməsi olduğunu bildirib.

Hər il konkret bir problemə həsr edilən Beynəlxalq Mülki Müdafiə Gününün bu ilki mövzusunun “Fəlakətlər və böhranlar səbəbindən köçkün düşmüş əhalinin idarə edilməsi və mülki müdafiə; Könüllülərin rolu və pandemiya ilə mübarizə” ilə əlaqəli olduğu diqqətə çatdırıb. Elmar Hüseynov çıxışında fövqəladə hallardan mühafizə sahəsində hazırlığının təmin edilməsinin mülki müdafiə qarşısında duran əsas vəzifə olduğunu qeyd edib, fərdi mühafizə vasitələrindən istifadə və radiasiya şəraitində davranış qaydaları barədə məlumatlandırdı və bununla bağlı müvafiq təlimatları praktiki olaraq nümayiş etdirib.

208 nömrəli tam orta məktəbin Hərbi rəhbəri Elməddin Həsənov mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə ardıcıl və məqsədyönlü tədbirlər ətraflı söz acaraq, 44 gün davam edən Vətən müharibəsində törədilən terror aktlarında daha böyük fəsadların baş verməməsi səbəbinin Mülki Müdafiə tədbirlərinin olduğunu qeyd edərək bu sahədə praktiki məşğələlərin zəruriliyindən bəhs edib.

Tədbirdə fövqəladə hadisələr zamanı davranış qaydalarından bəhs edən videoçarxlar nümayiş etdirilib, iştirakçıların fövqəladə hallarla bağlı bilikləri yoxlanıldı, mülki müdafiə işinin dair müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıldı, fövqəladə hallar zamanı davranış, təcili və təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi qaydalarından söz açıldı, fərdi mühafizə vasitələrindən istifadə üsullarından necə istifadə edəcəkləri barədə məlumatlar verilib.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Baxış sayı: 291