XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlər ölməz, Vətən bölünməz!” rubrikasında Elşən Quluzadə
ÜMÜMİ XƏBƏRLƏR
21/01/2022 00:36

Elşən Quluzadə 1998-ci il oktyabrın 20-də Füzuli rayonunun Mahmudlu kəndində anadan olub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Elşən Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Quluzadə oktyabrın 13-də Füzuli döyüşləri zamanı ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib.

Elşən Quluzadə 2021-ci il yanvarın 21-də müalicə aldığı tibb müəssisəsində koma vəziyyətinin 100-cü günündə şəhid olub. Onunla vida mərasimi Təzəpir məscidində baş tutub. Vida mərasiminə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və birinci müavini general-leytenant Seyfulla Əzimov qatılıb. Elşən Quluzadə Füzuli rayonunun Mahmudlu kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamına əsasən Elşən Quluzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü", 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Baxış sayı: 308