XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Afaq Bəşirqızının doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
15/08/2024 09:53

Xalq artisti Afaq Bəşirqızı 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub. 1962-ci ildə 31 nömrəli orta məktəbin 1-ci sinifinə gedib və 1972-ci ildə 20 nömrəli orta məktəbi bitirib. Sənədlərini BDU-nun şərqşünaslıq fakültəsinə verib, lakin müsabiqədən keçməyib. Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə gedib. 1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) təhsil alıb.

Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir.

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) göndərilən Afaq Bəşirqızı bugünə kimi həmin teatrda çalışır. Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib.

Azərbaycan Televiziyasında hazırlanmış Anarın "Evləri köndələn yar" (Darçınbəyim), Vaqif Səmədoğlu "Yaşıl eynəkli adam"(Zəhra), Əli Əmirlinin “Bala başa bəla” (Suğra), Məcnun Vahidov “Yarımştat” (Ayna), Aqşin Babayevin "Nekroloq"(Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xarakterli rollar və “Afaq gülür güldürür” şousunda müxtəlif obrazlar yaradıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm”in istehsalı olan “Bəxt üzüyü” filmində Söylü rolunda və “Mozalan” satirik kinojurnalıında "Uşaq bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" satiric süjetlərində çıxışları və ifadə etdiyi sözlər tamaşaçılar arasında aforizmə çevrilib. 

Yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq xanım Bəşirqızı bu gün də fəal yaradıcılıq axtarışlarındadır. O, uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışıb və həmin Universitetin professoru elmi adına layiq görülüb.

Sevilən aktrisanın Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətləri hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib. 17 may 1989-cu ildə “Azərbaycan SSR Əməkdar artisti”,1993-cü ildə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına,1993-cü ildə və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Uzun illər Prezident mükafatına layiq görülüb. 2013-cü ildə "Şöhrət” ordeni ilə təltif olunub, 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 13 avqust 2015-ci ildə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif edilib.

Baxış sayı: 201